• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1743
— 27.09.2017 13:33

Avtomobillərdən telefon oğurlayanlar saxlanıldılar

KepezTV Player

Paytaxt sakinlərindən biri DİN-in “102” Zəng Mərkəzinə müraciət edərək bildirib ki, Binəqədi rayonu ərazisində ona məxsus “Fiat” markalı avtomobildən 1 ədəd  mobil telefon oğurlanıb. Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb.

Əvvəllər məhkum olunmuş Emin Məstanovun ətrafında həyata keçirilən əlavə əməliyyat-istintaq tədbirləri nəticəsində onun sentyabr ayı ərzində Binəqədi  rayonu ərazisində daha 3 nəqliyyat vasitəsindən mobil telefon və pul oğurladığı da məlum olub. Şəxs telefonları paytaxtın müxtəlif ərazilərində satıb. Məstanovun yaşadığı mənzilə baxış zamanı oradan 0,231 qram narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb

Polis əməkdaşları paytaxt ərazisində avtomobillərdən oğurluqlar edən daha bir nəfəri də saxlayıblar. Xətai RPİ 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 3 avtomobili qarət etməkdəa şübhəli bilinən Mingəçevir şəhər sakini Rövşən Əşrəfov tutulub.

Faktlarla bağlı Binəqədi və Xətai Rayon Polis İdarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir. Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər analoji cinayətlərdə iştiraklarını da istisna etmirlər. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya Binəqədi, eləcə də Xətai RPİ-yə  müraciət edə bilərlər.