Goranboyda bir nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza Bakı-Qazax magistralının Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ 21099” markalı avtomobil idarəetməni itirib və nəqliyyat vasitəsi dəmir maneəyə çırpılaraq yoldan çıxıb. Nəticədə VAZ-n sərnişini, sürücünün həyat yoldaşı 65 yaşlı Şəfiqə Qasımova hadisə yerində dünyasını dəyişib. Avtomobilin sürücüsü isə yüngül xəsarət alıb.
Bakı-Qazax magistralının 150-ci kilometrliyində, Hacıqabul rayonunun Qarasu kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Kənd sakini Şahin Şıxəliyev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən həmkəndlisi Röyal Babayevi vurub. Xəstəxanaya yerləşdirilən Babayev orada ölüb. Kənd ərazisində daha bir qəza qeydə alınıb. Yük maşını və meyvə-tərəvəz daşıyan “Ford” markalı mikroavtobus toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb. Yaralıların şəxsiyyəti müəyyənləşdirilir. Bütün faktlarla bağlı araşdırma aparılır.
Xaliq Qurbanlı
- Baxış: 1004