Soyuq silaha əl atdılar, nəticədə qan töküldü. Biri həyat yoldaşı ilə davasını sakitləşdirməyə çalışan qonşusunu həyatından etdi, digəri iş yoldaşının sağlamlığına qənim kəsildi. Başqa bir hadisədə isə gənc tanımadığı şəxsin bəlasına keçdi.
Astarada ailə münaqişəsi zamanı ər və arvadı sakitləşdirməyə gələn qonşu bıçaqlanaraq öldürülüb. Hadisə Ərçivan qəsəbəsində qeydə alınıb. İlkin ehtimala görə, qəsəbə sakini, 32 yaşlı Ağarəhim Kərimov qonşusunun evindən dava-dalaş səslərini eşidərək onların həyətinə gəlib. O, 48 yaşlı Əfqan Rəhimovla onun həyat yoldaşı 49 yaşlı Xanım Rəhimova arasında ciddi mübahisənin getdiyini görərək, tərəfləri sakitləşdirməyə çalışıb. Bu zaman Əfqan Rəhimov əvvəlcə həyat yoldaşı Xanım Rəhimovaya, daha sonra isə Ağarəhim Kərimova bıçaq zərbələri endirib. Hər iki yaralı Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, döş qəfəsindən vurulan Ağarəhim Kərimovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralı Xanım Rəhimovaya isə tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir. Aparılan əməliyyat tədbirləri nəticəsində qətli törədən Əfqan Rəhimov saxlanılaraq istintaqa təhvil verilib. Bakının Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yerləşən kafedə işçilər arasında mübahisə yaranıb. Obyektin iki əməkdaşı münasibətlərini ayırd etməyə çalışıblar. Bu zaman tərəflərdən biri digərinə bıçaqla xəsarət yetirib. Zərərçəkən 18 yaşlı Vüqar Məmmədov 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər. Abşeron rayonunun Xırdalan şəhərində də qanlı olay baş verib. 18 yaşlı Elnur Emin oğlu Köçərli şadlıq sarayının qarşısında tanımadığı şəxslə mübahisə edib, sonda bıçaqlanıb. Həmin şəxs Elnuru bud nahiyyəsindən yaralayıb. Zərərçəkən hadisə yerinə çağırılan təcili yardım maşini ilə xəstəxanaya çatdirilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 444