Bir anın içində... hər şey bir anın içində baş verir. Ani...Dəhşəti isə anbaan hiss edilir və yaşanır. Fəlakəti yarıda kəsilən ömürlərin sahibləri bir cür yaşayır, geridə qalanlar başqa cür. Sağlamlığından olansa bilmirlər ölənə yansınlar, ya yarımcan hallarına. Səbəbkarların peşmanlığı da nə yerə sığar, nə göyə. Deyərkən və eşidərkən belə tük ürpərdən bu sözlər yol qəzalarına aiddir. Canı candan ayıran, mənəvi və maddi zərərlə səciyyələnən yol qəzalarına. Onlardan dünən və bugün baş verənləri indi izləyəcəksiniz.
Bakı-Qazax magistralının Kürdəmir rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakıya sərnişin daşıyan 33 yaşlı Bərdə rayon sakini Rüstəm Bünyadovun idarə etdiyi “Merseders Vito” markalı mikroavtobus ötmə əməliyyatı zamanı eyni istiqamətdə hərəkətdə olan Mobil Abbasovun sükanı arxasında olduğu “Kamaz” markalı yük avtomobilinə çırpılıb. Toqquşma nəticəsində avtomobildəki sərnişin, 56 yaşlı Gəncə sakini Amaliya Mansurova aldığı xəsarətlərdən elə hadisə yerindəcə dünyasını dəyişib. Mikroavtobusun sürücü, eləcə də digər sərnişinlər, Göygöl rayon sakini 55 yaşlı Şahvəlləddin Atakişiyev, Gəncə sakinləri 52 yaşlı Bahəddin Məmmədov, 28 yaşlı Xəqani Nağıyev, 19 yaşlı Rəsul Quliyev, 34 yaşlı Reyhan Quliyeva, 2 yaşlı Zəhra Quliyeva, 35 yaşlı Aynurə Babayeva, Şəmkir sakini 30 yaşlı Ruslan İsgəndərov müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar. Yaralılardan 3-ü ambulator müalicəyə, vəziyyəti ağır olanlardan 4-ü Gəncəyə, 2-i isə Bakıya göndərilib. Mikroavtobusda sıxılıb qalmış sərnişinin meyiti Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən çıxardılaraq aidiyyəti üzrə təhvil verilib.
Ələt-Astara yolunun Masallının Sərçuvar kəndi ərazisindən keçən hissəsində ”SHACMAN” markalı yük maşını ilə Qızılağac kənd sakini Hüseyn Ağabba oğlu Ağayevin idarə etdiyi motosiklet toqquşub. Nəticədə ağır yaralanan Hüseyn Ağayev dərhal Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Şəmkirin Zəyəm-Düyərli avtomobil yolunda “Hyundai” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 4 nəfər yaralanıb. Düyərli kənd sakinləri 16 yaşlı Səbuhi Hüseynov, 17 yaşlı Bilal Qəmbərov, həmyaşıdı Elvin Quliyev, 19 yaşlı Əkbər İsmayılov Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Sabirabad rayonu Qaragüney kəndində Amil Məhərrəmovovun idarə etdiyi "KamAZ" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə "Mercedes"in sürücüsü, Şirvan sakini, 33 yaşlı Polad Qəniyev ağır kəllə-beyin travması alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Gəncədə Samux rayonu İnstitut qəsəbəsi sakini 46 yaşlı Araz Əliyev “Mercedes” markalı yük maşını ilə Sadiq Rəhimov küçəsində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə yük maşını yolun solunda dayanan 47 yaşlı Gəncə sakini İlqar Məmmədova məxsus “Mercedes Sprinter”ə, daha sonra isə evin hasarına çırpılıb. Avtomobillərə və evə zərər dəyib. Hadisəyə səbəb kimi yük maşınında yaranan nasazlıq göstərilir. Faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 1112