Goranboy sakini evinə qonaq gələn qohumunu bıçaqlayıb. Zərərçəkən isə onu xəstəxanalıq edən şəxsi məsuliyyətdən azad etmək üçün asayiş keşikçilərini yanıltmağa çalışıb. Ancaq polisin sayıqlığı ilə cinayətin üstü açılıb.
Xocalı rayon polis şöbəsinə Bakı şəhər sakini 23 yaşlı Marat Hüseynzadənin xəsarət alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub. Dərhal xəstəxanaya gələn şöbənin əməliyyat qrupu zəruri istintaq hərəkətlərinə başlayıb. Cərrahiyyə əməliyyatından sonra müstəntiqə ifadə verən Marat Rus Borisi kənd qəbristanlığına anasının məzarını ziyarət gedən zaman xəsarət aldığını bildirib. Lakin ilkin ifadəsində ziddiyyətli məqamların olması polislərdə şübhə yaradıb. Əməliyyat yolu ilə müəyyən edilib ki, zərərçəkən xalasının 36 yaşlı həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Fərhad Cəfərov - baş müstəntiq: “Həsənov Nürəddin Saləddin oğlu masanın üzərinə qoyulmuş məişət təsərrüfat təyinatlı bıçağı götürüb onun qarın boşluğuna vuraraq onun sağlamlığına qəsdnən xəsarət yetirib. Tərəfimzidən faktla bağlı Xocalı rayon polis şöbəsinin istintaq qrupunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 ci maddəsi ilə cinayət işi başlanılıb”.
İsti izlərlə saxlanılan Nürəddin Həsənov Bakı şəhərindən evinə qonaq gələn Marat Hüseynzadəni bıçaqlamasını etiraf edib. Mübahisə isə tərəflər arasında yeyib-içdikdən sonra baş verib. Sərxoş halda söz davasına çıxan Nürəddin Həsənovu həyat yoldaşı İnna İvliyeva sakitləşdirsə də mətbəxdə tərəflər yenidən mübahisəni davam etdirib.
Nürəddin Həsənov - saxlanılan şəxs: “Dalaşdıq o mənim gözümdən yumruqla vurdu. Məndə stolun üstündən bıçağı götürüb onu vurdum. Elədiyim əmələ görə çox peşmanam”.
Hazırda xəstəxanada müalicə alan Marat Hüseynzadə polisə yalan danışmasına bu cür aydınlıq gətirib.
Marat Hüseynzadə xəsarət alan şəxs: “Qohumumdu istəmirdim tutulsun. Həmdə 4 uşağı var. Xalamın yoldaşıdır”.
Spirtli içkinin sağlamlıq və azadlıqdan etdiyi şəxslərin sonrakı aqibəti aparılacaq istintaq araşdırmalardan sonra bəlli olacaq.
Natiq Hüseyn
- Baxış: 948