Şəmkirin Şeidlər kəndinin sakinləri yaşayış məntəqəsində bulaq kompleksinin azlığından şikayətlənir. Bulaqların azlığı sakinləri su sarıdan çətinliklə üzləşdirir. Kəndin yerli rəhbərliyi isə problemin tezliklə aradan qaldırılacağını vəd edir.
Şəmkirin Şeidlər kəndində əvvəllər 60 ailə yaşayıb. Bu gün isə kənddə ailələrin sayı 120-ə çatıb. Say tərkibi artsa da yeni infrastruktur layihələrinin reallaşdırılmaması sakinləri su sarıdan çətinliklə üzləşdirir.
Məmmədəli Hüseynov- sakin: “Əllərində xüsusi qablarla gəlib buradan su aparırlar. Evlərdə gündəlik işlətməyə isə maşınla gətirib çəni doldururuq”.
Hazırda sakinlərin ümidi kəndin mərkəzində yaradılan bulaq kompleksinə qalıb. Sözügedən bulaqdan su götürmək isə sakinlər üçün heç də asan başa gəlmir. Ailələr saatlarla növbədə dayanmalı olurlar.
Nargilə Tağıyeva- sakin: “Bir kilometr kəndin qırağından mən suya gəlirəm. Özüm də şəkər xəstəsiyəm. Yeriyə bilmirəm. Əziyyət çəkirəm. Gəlirik növbədə dururuq dalaşırıq”.
Adilə Quliyeva- sakin: “Gecə saat 3-dək biz suyun növbəsində dayanırıq. Bu müddətdə bir qab su götürə bilək və yaxud da götürməyək. Bizim əsas problemimiz sudur”.
Ənvər İsmayılov- sakin: “Bir dənə bu bulaqdır. Camaat gəlir burada suyunu götürüb gedir. Ancaq zəhmətlə. Bircə içməli suya ehtiyacımız var.
Məsələyə münasibət bildirən kənd icra nümayəndəsi İlqar Əliyev sakinlərin iradları ilə qismən razılaşır və problemin tezliklə aradan qaldırılacağını bildirir.
İlqar Əliyev- Şeidlər kənd icra nümayəndəsi: “Problemlər əvvəllər bir belə deyildi. Təbii ki, kənd böyüdükcə problemlər də artır. Çalışacağıq ki, tez bir zamanda öhdəsindən gələk”.
Dağlıq ərazidə yerləşən Şeidlər kəndində sakinlər əkin sahələrini yağış suları ilə suvarır. Bu il havaların nisbətən quraq keçməsi isə məhsuldarlığa təsir göstərib.
Natiq Hüseyn
- Baxış: 441