Ani qığılcımın fəsadları böyük olub. Alov qəlbləri də yandırıb, malı-mülkü də.
Lənkəran rayonunun Haftoni qəsəbəsində istixanalardan birində güclü yanğın çıxıb. Elşən Məmmədova məxsus istixana təsərrüfatına aid tikilidə baş verən yanğın partlayış səsləri ilə müşaiyət edilib. Sakinlərin sözlərinə görə, ərazidə iki gün əvvəl də yanğın qeydə alınıb, lakin qarşısı alınıb. Bu dəfə isə alov daha güclü olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Dövlət Yanğından Mühafizə Hisssəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. FHN-dən verilən açıqlamaya görə, hadisə zamanı ümumi sahəsi 200 m² olan anbarda çəlləklər yanıb. Ağcabədidə məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı klub binasında yanğın olub. Hadisə rayonun Hüsülü kəndində qeydə alınıb. Alovun söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Ağcabədi və Ağdam rayonlarındakı yanğınsöndürən briqadasının 6 maşını və canlı qüvvəsi cəlb olunub. Binada fəliyyət göstərən Hüsülü kənd uşaq bağçasına məxsus əşyalar oradan çıxarılıb. Tikilidə məskunlaşan 6 məcburi köçkün ailəsindən İsmayıl Cəfərov, qardaşı Ramin Cəfərov və Rəmiş İsfəndiyarovun yaşadığı otaqlar yanaraq külə dönüb. Alovun elektirik naqillərində baş verən qısa qapanmadan yarandığı bildirilir.
Zaqatalada isə avtomobil yanıb. Hadisə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Zaqatala Bölgə Təcrübə stansiyasının yerləşdiyi Pərzivan adlanan ərazidə baş verib. Zaqatala bölgə Təcrübə stansiyasının müdiri Nəbi Kərimov özünə məxsus 2007-ci il buraxılışlı, Niva markalı avtomobillə stansiya ərazisinə gəlib. Avtomobili saxlayıb, xırmana aqreqatlara baxmaq üçün gedib. Bir neçə dəqiqə sonra isə avtomobilin motor hissəsinin yandığını görüb. Hadisə yerinə FHN Zaqatala yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib.Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb. Avtomobil və içərisində olan Nəbi Kərimova məxsus sənədlər tamamilə yararsız hala düşüb.
Faktlar araşdırılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 604