“Saxla samanı, gələr zamanı” deyimi kəndlilərin yetişdirdiyi məhsulu sərfəli qiymətə realizə etməsi baxımından yerinə düşür. Əgər topladıqları meyvə-tərəvəzi saxlamaq üçün əlverişli imkan varsa. Bu yaxınlarda belə bir məqam qərb bölgəsindən olan fermerlər üçün yaranıb. Şəmkirdə yerləşən aqroparkın istifadəyə verilən Logistika Mərkəzi və soyuducu kameralar məhsulu istənilən müddətə, normal vəziyyətdə saxlamaqda çətinlik yaratmayacaq.
Bu ilin avqust ayının 20-də prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “Şəmkir Aqropark”ın Logistika Mərkəzi fermerlərin işini bir xeyli asanlaşdırıb. Burada məhsulların yerli və xarici bazarlara çatdırılması ilə yanaşı, onun keyfiyyətli saxlanılması üçün də əlverişli şərait yaradılıb. Hazırda mərkəzdə ümumi tutumu 24 min ton olan 71 müxtəlif tipli soyuducu saxlama kamerası quraşdırılıb. Soyuducu depolarda meyvə və tərəvəzin növlərinə görə 25 gündən 270 günə qədər minimum itki və keyfiyyətlə saxlanılması təmin olunur.
Vüqar İmranov- “Aqropark” İstehsalat və Logistika Departamentinin direktoru: “Belə ki, ultra aşağı oksigen texnologiyası vasitəsi ilə meyvələrin ilkin vəziyyətdə saxlanılması onların xassələrinə uyğun olaraq saxlanma şəraitlərinin tənzimlənməsi mümkün olur”.
Qərb bölgəsinin fermerləri üçün yaradılan bu şərait fərdi qaydada yaradılan saxlama kameralarından fərqlənir. Çünki burada çoxfunksiyalılıqla yanaşı, məhsulun çeşidlənərək saxlanılması da mümkündür.
Qüdrət Seyfullayev- “Şəmkir Aqropark”ın baş direktoru: “Hal-hazırda Logistik mərkəzdə laboratoriya da fəaliyyət göstərir. Laboratoriya tədarük olunan məhsulun xarakteriskasını öyrənmək, onu analiz etmək və məhsulun saxlanması ilə bağlı öz rəyini bildirməkdir. Bundan sonra məhsul saxlanmaya götürülür və yaxud da çeşidlənməyə götürülür”.
Aqroparkın yaradılması, ölkənin ixrac həcminin artırılması, coğrafiyasının genişləndirilməsi, ən əsası da istehsalçı, emalçı və istehlakçı arasında zəncir yaratmaqda mühüm rol oynayır.
Natiq Hüseyn
- Baxış: 1192