“Şəmkir Aqroparkı” beynəlxalq konfransa ev sahibliyi edib. Konfrans, ötən gün Prezident İlham Əliyevin iştirakı ilə rəsmi açılışı olan “Şəmkir Aqroparkı”ın Logistika Mərkəzinin təqdimatına və Mərkəzlə tanışlığa həsr olunub. Konfransa dövlət qurumları ilə yanaşı elm adamları, fermerlər, aqrar sahədə ixtisaslaşmış yerli və xarici şirkətlər iştirak ediblər.
Yerli fermerlərin istehsal etdiyi məhsulların ölkə hüdudlarından kənara çıxarılması, rəqabət qabiliyyətli və ixracyönümlü kənd təsərrüfatı mallarının istehsalı. Əsas müzakirə mövzuları bunlardı. Bu baxımdan əlbəttə ki, ən son elmi nailiyyətlərə, innovativ texnologiyalara söykənən istehsal müəssisələri böyük maraq doğurur. Həmçinin «Şəmkir Aqroparkı» və onun Logistika Mərkəzi...
Qüdrət Seyfullayev - “Şəmkir Aqroparkı”nın baş direktoru: “Logistik mərkəzimiz bütün regionda, bölgədə olan kənd təsərrüfatı üzrə çalışan insanlarla əlaqənin qurulması, bununla da istehsalçı-emalçı-istehlakçı zəncirinin yaradılması principi üzrə işləyəcək. Eyni zamanda Logistik Mərkəz xüsusi brendlər altında ixrac coğrafiyasının genişləndirilməsi və stabil bazar prinsipini həyata keçirmək üçün yaradılıb”.
2014-cü ildə əsasə qoyulan “Şəmkir Aqroparkı”nın ərazisi 8604 hektardır. Gələcəkdə burada müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, elmi araşdırma və innovasiyalar mərkəzi, hətta otel və digər infrastruktur obyektlərinin inşası nəzərdə tutulub. Bu, respublikada bir ilkdir.
Kahin Əsgərov - sahibkar: “Bu zona üzrə Azərbaycanda olan bütün ixracatçılar artıq burada toplaşacaq. Çünki burada istənilən bütün xidmətlər mövcuddur. Görmrük xidməti, fitosanitar xidməti,ümumiyyətlə ixrac üçün nə lazımdırsa, bütün məsələlər burada öz əksini tapıb. Bizim də planımız belədir: “Şəmkir Aqroparkı” ilə memaorandum imzalamışıq, gələcəkdə əməkdaşlıq edəcəyik”.
Tahir Hüseynov - sahibkar: “Şəmkir rayonunca bu cür aqroparkın yaradılması bizim üçün fərəhləndirici haldır. Burada bütün məhsulların ixracı üçün lazım olan ən son avadanlıqlar quraşdırılıb. Yüksək səviyyəli soyuducu anbarlar var, məhsulların qablaşdırılması üçün lazımi şərait yaradılıb. Burada bir pəncərə sisteminin tədbiqi məhsulların ixrac üçün rəsmiləşdirilməsini asanlaşdırır”.
İştirakçılar kənd təsərrüfatı məhsullarının sərgiləndiyi stendlərə də baxıblar. Burada beynəlxalq standartlara cavab verən istixana avadanlıqları, gübrə və dərmanlar, şitil, ting və toxumlar, suvarma sistemləri, kənd təsərrüfatı sahəsində istifadə olunan traktor, maşın və mexanizmlər nümayiş etdirilir. Sərgiyə Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, Niderland, Çin və digər ölkələrdən olan istehsalçılar da qatılıblar.
Gülnar Fazilqızı
- Baxış: 2877