• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1745
— 09.08.2017 15:09

Dəniz səviyyəsindən 3361 metr yüksəklikdə Azərbaycan himni səsləndirildi

KepezTV Player

Səhər saatlarıdır... Qoşqar dağının zirvəsini fəth etməyə hazırlaşanlar Daşkəsən rayonunun Xoşbulaq kəndində toplaşıb. Zirvəni fəth etməyi hədəfləyənlərin sayı 60-a yaxındır. Ən kiçiyinin 7, ən böyüyünün isə 78 yaşı var. Yola çıxmazdan əvvəl qrup üzvləri ilə hazırlıq xarakterli söhbət aparılır... Fürsətdən istifadə edib, qrupun qocaman üzvü Zaur Həsənovun ilkin təəssüratlarını soruşuruq...

Zaur Həsənov - qrup üzvü: “Sözsüz ki, Kəpəz dağından sonra Qoşqar yüngüldür, amma yenə də çətinlik var. Lakin maşallah, cavanları görəndə adam ürəklənir. Yenidən cavanlaşmaq istəyir. Qoşqar yaxşıdır...”

 Lazımi təlimatlar verildikdən sonra, qrup qoşqar dağının ətəklərinə doğru yola düzəlir... Dolama-burma dağ yollarını keçmək isə heç də asan olmur...

Çətinliklərə baxmayaraq, qrup saat yarımdan sonra Qoşqar dağının ətəklərinə çatır və səyahətin piyada hissəsi başlayır. Qoşqar dağına iki yolla qalxmaq mümkündür. Ekstrim həvəskarları zirvəyə ön hissə ilə dırmanır. Hədəfə tez və daha rahat çatmaq istəyənlər isə dağın arxa tərəfindəki cığırla hərəkət edir. Bu yolu seçənlərin “səbət keçməz” adlanan ərazini də görmək imkanı var. Burada cığır iki qayanın arasından keçir. Qayalar arasındakı məsafə dar olduğundan yerli əhali buranı “səbət keçməz” adlandırır. Seçilən yoldan asılı olaraq zirvəyə çatma vaxtı bir saat yarım, iki saat arasında dəyişə bilir... Zirvə fəth edildikdən sonra isə yolun yorğunluğu, ifadəsi sözlə mümkün olmayan təəssüratlarla əvəzlənir... Vətənin buradan görünən zirvələri bu təassüratları daha da gücləndirir...

Müzadil Həsənov - qrup rəhbəri: “Buradan baxanda möhtəşəm Kəpəzimiz görsənir. Onun arxasında Murov dağı görsənir. Daha sonra Cənubi Qafqazın Murovdağ silsiləsinin ən hündür zirvəsi olan Camış dağ görsənir. Koroğlu dağı görsənir, "Yeddi qardaş" deyilən dağ silsiləsi görsənir, Cavad xan zirvəsi görsənir. Daha sonra bu biri tərəfdə biz bir az əvvəl seyr etdik, düzdü hava dumanlıdır, yaxşı görünmür indi - Göyçə gölü görsənir. Bir az bəridə Kəlbəcərin dağlarını görə bilirik. İnşallah oralara da gedib çıxarıq bir gün”.

Zirvəni fəth etməyin sevincini yaşayan qrup üzvləri bu dəfə də ənənəyə sadiq qalır... Dəniz səviyyəsindən 3361 metr yüksəklikdə, Qoşqar dağının zirvəsində Azərbaycanın üç rəngli bayrağı dalğalandırılır, dövlət himni səsləndirilir.

Növbə gəlib çatdı, zirvəni fəth edənlərin fikirlərinə... başlayaq qrupun ən kiçik üzvündən...

Selcan Ağazadə - qrup üzvü: “Gələndə bir az çətin oldu daşlara dırmanmaq, amma indi hər şey yaxşıdır. İstirahət etdik. Bura həqiqətən gəşəgdi”.

Aynur Rzayeva - qrup üzvü: “İl boyu işləyən insanlar üçün ildə bir neçə dəfə belə turların təşkili çox yaxşıdır. Xüsusi ilə oturaq işdə işləyənlər üçün. Bura qalxmaq üçün xeyli enerji sərf edir insan. Zirvəyə qalxıb, ətrafın mənzərəsini seyr etmək isə xüsusi zövq verir. Göyçə gölünün özünü görmək belə insana çox böyük qürur hissi verir. Buradan Kəpəz dağı görsənir. Ora baxanda, bundan əvvəl hansı zirvəni fəth etdiyimizi görürük və bu çox möhtışəm bir hissdir”.

Küşvər Məmmədova - qrup üzvü: “Deməzdim asan idi, amma Kəpəz dağı daha çətin idi sankı. Zirvəyə qalxanda təbii ki, çətinlik olur, amma bunu bacardıq. Qızımla, rəfiqəm də buradadır. Onlar da ilk dəfədir qalxır Qoşqar dağına, mən də. Təəssüratlar möhtəşəmdir”. Bəli biz hazırda dənzi səviyyəsindən 3361 metr yüksəklikdəyik. Hündür ərazilər Azərbaycan xalqı üçün hər zaman müqəddəs hesab edilib. O cümlədən, Qoşqar dağı. Buna misal olaraq bu piri göstərmək olar. Zirvədə bu cür pir var. İnsanlar bura gəlirlər. Buradakı daşlara lentlər bağlayırlar, hətta qurban kəsirlər.

Deyilənə görə yerli əhalinin buradakı pirə olanı inancı o qədər güclüdür ki, onlar and içəndə də məhz “Qoşqar haqqı” deyirlər... Bunu nəzərə alaraq deyə bilərik ki, bu səfər bəziləri üçün dağa dırmanma, digərləri üçünsə pir ziyarəti oldu. İstənilən halda zirvə fəth edildi... Növbəti hədəf isə Cavad xan zirvəsi olacaq.

 

Gülnar Fazilqızı