Minik maşını çırpıldığı yük avtomobilini aşırdı. 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi Siyəzəndə baş verib. Paytaxtda qeydə alınan zəncirvari qəzada isə təcili tibbi yardım maşının sürücüsü xəstəxanalıq olub.
Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində paytaxt istiqmətində hərəkətdə olan “Toyota” markalı avtomobil arxadan onunla eyni səmtə gedən ZİL markalı yük maşınına çırpılıb. Zərbənin təsirindən sürücü idarəetməni itirib və ZİL yol kənarına aşıb. Yük maşınının sükanı arxasında olan Salyan sakini 33 yaşlı Elşad Heydərov, Land Cruiserin sürücüsü və sərnişinləri 20 yaşlı Abdulla Mirzəyev, 37 yaşlı Cəmilə Mirzəyeva, 24 yaşlı Yelena Bayramova və 62 yaşlı Nailə Bayramova müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Siyəzən Regional Müalicə və Diaqnostika mərkəzinə çatdırılıblar.
Toyota markalı avtomobilin sərnişinləri bir ailənin üzvləridir. Bakıda isə zəncirvari qəza olub. Günorta saatlarında akademik Həsən Əliyev küçəsi, 17 ünvanında "Kia" markalı avtomobil əvvəlcə təcili tibbi yardım maşınına, daha sonra isə "Mercedes" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində təcili tibbi yardım maşının sürücüsü xəsarət alıb və xəstəxanaya aparılıb. Təcili tibbi yardım maşını və "Kia"ya ciddi ziyan dəyib. DYP əməkdaşları hadisə yerinə gəlib və lazımi müayinələr aparıblar. Qəzaya səbəb olan Kia markalı avtomobil cərimə meydançasına aparılıb. Qəzaların səbəblərinin araşdırılmasına başlanılıb.
Vüsalə Camal
- Baxış: 710