Ani qığılcım. Özü bir saniyədə yaransa da, fəsadlarından qurtulmaq o qədər də asan olmayacaq. Bir ocaqda nişanı olan qızın yanan xonçaları, digər evdə uşağın ehtiyatsızlığının ağır nəticələri, illərlə yığılan malın, qurulan mülkün alovlara qərq olmasının əmələ gətirdiyi maddi və mənəvi ziyanı həmən aradan qaldırmaq, vurduğu yaranı tezliklə sağaltmaq mümkün deyil. Nəticə ağır olsa da, olan olub artıq. Sıradakı süjetlə olanları siz də biləcəksiniz.
Şəkinin Səlahəddin Kazımov küçəsində Elnur Məmmədova məxsus ümumi sahəsi 168 kv olan ev alovlanıb. 1 mərtəbəli, 3 otaq və aynabənddən ibarət tikilinin yanar konstruksiyaları içindəki əşyalarla birlikdə kül olub. Alov genişlənərək ona bitişik Zəhrabəyim Əhmədovaya məxsus ümumi sahəsi 150 kv olan 1 mərtəbəli, 4 otaq və aynabənddən ibarət yaşayış evinin dam örtüyunə keçib. Damın konstruksiyaları 10 kv.m sahədə yanıb. Əraziyə Şəki DYMH-nin 3 avtomobili və canlı quvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində qonşu evin yanmasının qarşısı alınıb. Alov Kürdəmir sakinini də evsiz qoyub. Hadisə günorta saatlarında Mahirə Şirəliyevaya məxsus ümumi sahəsi 120 kv.m olan evdə qeydə alınıb.
Yanğınsöndürənlər odun bitişik evə keçməsinin qarşısını alıblar. Gəncənin Yusif Məmmədəliyev küçəsində də yanğın baş verib. Alov şəhər sakini Əli Abbasova məxsus 4 otaqlı evin 3 otağını cənginə alıb. Əraziyə Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşının və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı alınıb.
Ev sahiblərinin sözlərinə görə, hadisə azyaşlının ehtiyatsızlıqdan pərdəni yandırmasından meydana gəlib. Dəqiq səbəblər araşdırılır.
Xaliq Qurbanlı
- Baxış: 1006