Hindistan Gəncənin “DET-Al” alüminium zavodu ilə vaxtilə mövcud olan əməkdaşlığı bərpa etmək istəyir. Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sancay Rana Gəncədə səfərdə olarkən belə deyib. Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşdə Azərbaycanla Hindistan arasında mövcud olan iqtisadi, sosial, aqrar və mədəni əlaqələrdən söz açılıb. İlk dəfədir Gəncə şəhərinə səfər etdiyini deyən səfir Sancay Rana diqqətə çatdırıb ki, gəlişinin məqsədi iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi və genişləndirilməsidir. O, mədəni əlaqələrin də inkişafından danışıb
Sancay Rana - Hindistanın Azərbaycandakı səfiri: “Cənab başçı mənə Hindistanda Nizami Gəncəvinin əlyazmalarının mövcud olduğunu dedi. Əlbətdə, bu cür biliyin paylaşılması çox mühümdür və bu sahədə də əməkdaşlığımız inkişaf etdirəcəyik. Biz həmçinin yalnız ədəbiyyat yox, musiqi sahəsində də əməkdaşlıq etməyi düşünürük. Hind musiqiçilərinin, rəqs kollektivlərinin Azərbaycana gətirilməsinə çalışırıq ki, bu sahədə də Gəncə ilə əməkdaşlıqda maraqlıyıq”.
Hələlik isə Azərbaycanla Hindistan arasında əlaqələrin əsasını aqrar sektor təşkil edir. Bunu nəzərə alaraq Hindistanın Azərbaycandakı səfiri Sancay Rana Azərbaycan Dövlət Aqrar Universitetində də olub. Universitet rəhbərliyi ilə görüşən səfir ADAU ilə Hindistanın ali məktəbləri arasında qurula biləcək əməkdaşlıq əlaqələrindən, tələbə-müəllim mübadiləsindən, birgə reallaşdırıla biləcək layihələrdən danışıb. Səfir universitetdə yaradılan şəraitlə də tanış olub.
Gülnar Fazilqızı
- Baxış: 573