“Təhsil avtobusu - 2017” Gəncədədir. Respublikanın 7 şəhər və rayonunu əhatə edən layihənin imkanlarından Nizami yurdunda təhsil alan tələbələr də yararlanıblar.
“Təhsil avtobusu - 2017” Yay məktəbi Təhsil Nazirliyinin “Azərbaycan Üçün Öyrət” təhsil proqramının təşkilatçılığı ilə reallaşır. 15-ə yaxın dəstəkçisi olan layihənin tərəfdaşlarından biri də ARB TV-dir. Gəncədən bu layihəyə 3 ali və 2 orta-ixtisas təhsili müəssisəsindən ümumilikdə 25 tələbə qatılıb.
Nəzrin Allahverdiyeva - “Təhsil avtobusu - 2017”nin iştirakçısı: “Birinci təlimimiz yekunlaşdı və bizə Azərbaycanda olan yeni texnologiyalarla bağlı məlumatlar verildi. Düşünürəm ki, növbəti təlimlər də maraqlı və intelektual olacaq”.
Xanım Əmiraslanova - “Təhsil avtobusu - 2017”nin iştirakçısı: “Təlimin növbəti mərhələlərində karyera, biznes haqqında bizə geniş məlumatlar veriləcək. Məncə bu bizim üçün, gənclik üçün çox önəmlidir. Təlim əla davam edir. Yay məktəbinin iştirakçısı olduğum üçün çox sevinirəm”.
Layihənin məqsədi bölgələrdə yaşayan tələbələrin karyera inkişafına təsir etmək, onlara informasiya texnologiyalarından karyera inkişafında istifadədə, iş seçimi və axtarışında kömək edəcək bilik və bacarıqlar aşılamaq, həmçinin dünyagörüşünün formalaşmasına stimul verməkdir.
Ülviyyə Axundova - Təhsil avtobusu - 2017”-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri: “Bu yay məktəbində ümumilikdə 200-ə yaxın tələbənin iştirakı nəzərdə tutulur. Biz bundan əvvəl Quba, Masallı, Sabirabad, rayonlarında olmuşuq. Gəncədən sonrakı dayanacağımız Mingəçevir olacaq”.
Layihə artılq ikinci ildir ki, baş tutur. Ötən il yay məktəbi orta təhsil müəssisələrinin şagirdləri üçün təşkil edilmişdi. “Təhsil avtobusu - 2017” iyulun 31-də Bakıya qayıdacaq.
Gülnar Fazilqızı
- Baxış: 1423