Gənclər və idman nazirliyinin Daşkəsənin Xoşbulaq yaylağında təşkil etdiyi “Gənclərin yaradıcılıq emalatxanası-2” yay düşərgəsi başa çatıb. Respublikanın müxtəlif bölgələrindən 100 nəfər istedadlı gənc müxtəlif yaradıcılıq sahələri üzrə bacarıqlarını nümayiş etdirib.
Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində “Gənclərin yaradıcılıq emalatxanası – 2” yay düşərgəsi ikinci ildir təşkil olunur. Ötən ilin avqustunda təşkil edilən ilk layihə kimi 2-cisi də 10 gün davam edib
Yay düşərgəsində təsviri sənət, foto, milli və müasir rəqslər, teatr, kino və jurnalistika sahəsində xüsusi istedadı olan gənclər bir araya gəlib. Burada onların yaradıcılıq imkanları artırılıb, peşəkarlıq səviyyələri yüksəlib, kreativ gənclərin ünsiyyətinə şərait yaradılıb və asudə vaxtları səmərəli təşkil olunub.
Gənclər yaradıcılıq emalatxanaları və müsabiqələrdə, nəzəri və əməli məşğələlərdə, ustad dərslərində iştirak ediblər, gülüş axşamları, kino seans, stolüstü və intellektual oyunlar, tonqalətrafı yaradıcılıq gecələri, diskoteka və konsert proqramları təşkil olunub.
Düşərgə iştirakçılarının qazandıqları uğurlar, mənimsədikləri vərdişlər təqdim olunan sərgilərdə nümayiş olundu. Bundan başqa onların təqdim etdikləri səhnəciklər, milli rəqslər, qısametrajlı sujetlər, müxtəlif mövzuları əhatə edən fotolar təlimlərin uğurlu nəticələri kimi təqdim edildi.
- Baxış: 1205