Sürücülük vəsiqəsi olmayan, özgəsinə məxsus avtomobili sənədsiz idarə edən və bunlar azmış kimi iki nəfərin həyatına son qoyan sürücü saxlanıldı. O, ana və övladının canından olduğu qəzanın ehtiyatsızlıqdan baş verdiyini deyib.Gəncə şəhəri Nizami Gəncəvi prospektində ana və uşağın ölümü ilə nəticələnən yol qəzasının Göygöl rayon sakini 24 yaşlı İqbal Şərifov tərəfindən törədilməsi müəyyən edilib. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində sürücü saxlanılaraq istintaqa təhvil verilib. Müstəntiqin sözlərinə görə, İqbal Şərifovun idarə etdiyi avtomobil özünə məxsus olmayıb. Həmçinin sürücünün avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi də yoxdur.
Nəsimi Vəliyev müstəntiq: Hazırda iki nəfərin ölümü və hadisə yerindən qaçma ilə əlaqədər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə cinayət işi başlanılıb. İstintaq aparılır.
Qəzanı törədən sürücü isə hadisənin ani ehtiyatsızlıqdan baş verdiyini deyir. O ki qaldı İqbal Şərifovun qəzadan sonra qaçmasına, 24 yaşlı gənc buna səbəb kimi həyacanlı olmasını əsas gətirib.
İqbal Şərifov saxlanılan şəxs: Eminbəyli svetaforuna 100 metr qalmış yolun sol tərəfi ilə gedirdim. Baxdım ki yolda üç nəfər dayanıb. Bunu gördüm. Bunlara cata-çatda siqnal verdim. Üç metrə qalmış qabağıma keçdi.
Xatırladaq ki ötən gün axşam saatlarında Göygöl sakini İqbal Şərifov idarə etdiyi “QAZ31029” markalı avtomobillə Gəncə şəhəri Nizami Gəncəvi prospektində hərəkətdə olarkən yolu keçmək istəyən 30 yaşlı Aynurə Abbasovanı və onun qucağında olan 5 yaşlı oğlu Məhəmmədi vurub. Qadın hadisə yerində, övladı isə həyata keçirilən təcili və təxirə salınmaz tibbi yardımlara baxmayaraq xəstəxanada dünyasını dəyişib. Hadisədən sonra qəzanı törədən sürücü İqbal Şərifov avtomobillə hadisə yerindən uzaqlaşaraq bir qədər aralıda Eminbəyli küçəsində maşını saxlayaraq qaçıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində o məsuliyyətdən yayına bilməyib.
Natiq Hüseyn
- Baxış: 2858