Bu il ötən illə müqayisədə daha artıq bal tədarük olunacaq. Əlverişli hava şəraiti bunu deməyə əsas verir. Bununla yanaşı, artıq Bozdağ Qafqaz arısının arıcılara paylanmasına da başlanılıb. Bu da bal tədarükü və ixracında müəyyən olunan hədəfə tezliklə nail olmağa imkan verir.
Aran bölgəsində artıq bal süzümünə başlanılıb. Dağlıq ərazilərdə isə bu iş iyul ayının sonuna planlaşdırılır. Ötən illərdə hər arı ailəsindən 5-8 kq bal toplandığı halda bu il məhsuldarlıq yüksəkdir.
Allahverdi Seyidov- Arıçılıq Mərkəzinin direktoru: “Hər arı ailəsindən 10-12 kq bal götürə biləcəklər. Bu il gecələr nisbətən yağmurlu, güzdüzlər isə isti olmuşdur. Eyni zamanda bu il günəbaxanın əkin sahəsi 10 dəfə genişlənmişdir, bal mövsümü yaxınlaşdıqca bu bitki çiçəkləməyə başlamışdır. Bu da arıçılarda yüksək bal toplamağa imkan verir”.
Qonşu Türkiyədə hər arı ailəsindən 15-20 kq bal tədarük oluna bilir. Ölkədə də bu göstəriciyə çatmaq üçün arıçılara Bozdağ Qafqaz ana arısının paylanması bir məqsəd olaraq qarşıya qoyulub.
Allahverdi Seyidov- Arıçılıq Mərkəzinin direktoru: “Burada məqsəd arı satmaq yox, bir Bozdağ Qafqaz arısından 50-yə qədər Bozdağ Qafqaz ana arısının alınması texnologiyasını arıçılara aşılamaqdır. Azərbaycan 2021-ci ildə 4 min tondan çox bal satmalıdır. Azərbaycanın ana arıya olan illik tələbatı 300 min anadır. Bunun yetişdirilməsi texnologiyasını sentyabr ayından kurslar şəklində tədris mərkəzlərində keçəcəyik”.
Bu il bal çox olacaqsa bəs qiymət necə olacaq?
Murtuzəli Hacıyev- Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi: “Qiymətlər tam liberaldır. Tələb-təklif əsasında bazar özünü tənzimləyir. Təbii ki, istehsal artdıqca bazara daha çox məhsul çıxarıldıqca qiymətlərin də aşağı düşməsinə təsir göstərir. Hər il Bakıda arıçılıq məhsullarının sərgi satış yarmarkası keçirilir. Bu il də keçiriləcək. Orada da qiymətlər istehsalçı ilə alıcı arasında qarşılıqlı razılaşma əsasında müəyyən olunur. Yarmarkada qiymətlər 15-50 manat arası dəyişir”.
Jalə Qurbanova
- Baxış: 1061