Yanğınlar malı da yandırdı, ürəkləri də. Mala-mülkə ziyan gəldi.
Sumqayıtda səhər saatlarında bir dam altında olan mağaza və kafe yanıb. Ümumi sahəsi 1300 kvadrat metr olan obyektlərin yanar konstruksiyaları 350 kvadrat metr sahədə yararsız hala düşüb. FHN-in Sumqayıt Regional Mərkəzinin yanğından mühafizə idarəsinin əməkdaşları hadisə yerinə cəlb olunublar. Alov ram edilib və digər tikililərə keçməsinin qarşısı alınıb. Obyektlərin sahibinə xeyli ziyan dəyib. Neftçalada isə sərnişin avtobusu yanıb. Hadisə rayonun Dördlər kəndi ərazisində qeydə alınıb. Belə ki, Neftçala Avtonəqliyyat ASC-yə məxsus, 38 yaşlı Elşən Məmmədovun idarə etdiyi “Paz” markalı sərnişindaşıyan avtobus Salyan-Neftçala avtomobil yolunda hərəkətdə olarkən anidən alovlanıb. Avtobusda olan sərnişinlər dərhal təxliyə ediliblər. Hadisə yerinə gələn Neftçala rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi alovu söndürüb. Goranboyun Nadirkənd kəndinə mal-qara üçün ot gətirib, satan Samux rayon sakini Hafiz Məmmədovun "KAMAZ” markalı yük avtomobili isə yüksək gərginlikli elektrik naqilinə toxunduğundan alışıb. İri tonnajlı avtomobili söndürmək mümkün olmadığından əraziyə yanğınsöndürənlər çağırılıb. Alov ram edilsə də, "Kamaz" banına yığılmış 8 ton ot bağlaması ilə birgə yanaraq, yarasız hala düşüb.
Zülfiyyə Telmanqızı
- Baxış: 496