Taxıl biçininin başlaması ilə əlaqədar olaraq qərb bölgəsində fermerlərin texnika təminatı sarıdan çətinlikləri olmayacaq. “Aqrolizinq ASC”-nin Şəmkir Regional Nümayəndəliyindən belə deyirlər. Qurumun xidməti ərazisinə daxil olan Goranboy, Samux, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Daşkəsən və Gədəbəy rayonlarında hazırda arpa sahələrində biçin işlərinin 80%-i yekunlaşıb. Bir neçə gündən sonra isə buğdanın kütləvi şəkildə biçininə start veriləcək. Qərb bölgəsində sahələrdən məhsulun vaxtında və itkisiz yığılması üçün regional nümayəndəliyin 38 kombaynı və fiziki şəxslərə məxsus olan 40 kombayn prosesə cəlb olunub. Bundan başqa “Aqrolizinq”in 32 traktoru da fermerlərin ixtiyarına verilib. Nümayəndəlik tərəfindən 500-dən artıq fermerlə müqavilə bağlanıb və 100 min hektardan artıq sahədə biçin aparılacaq.
Azər Əliyev- “Aqrolizinq” ASC-nin Şəmkir Regional Nümayəndəliyinin direktoru: “Çalışırıq ki, sahibkarların, fermerlərin və fiziki şəxslərin biçinlə bağlı çağrışlarına çataq və məhsulu vaxtında biçib vaxtında təhvil verək. Sahələrdə yaxşı məhsul yetişdirilibdir, məhsuldarlıq yüksəkdir. Bütün sifarişlərə böyük məsuliyyət hissi ilə yanaşırıq. Hesab edirəm ki, qərb bölgəsində 15-20 günə kimi biçin kompaniyasını yekunlaşdıraq”.
- Baxış: 1247