Göygöl sakini həmkəndlisinin evini qarət edib. Oğurladığı əşyaları Gəncə şəhərində dəyər-dəyməzinə satan şəxs əldə etdiyi pulu kef məclislərinə xərcləyib, ancaq bu kefin müddəti o qədər də uzun sürməyib. Göygöl polisi “qəhrəmanın” əhvalına əməllicə soğan doğrayıb.
Göygölün Üçtəpə kənd sakini Fəridə Ələsgərova bu ilin fevral ayında Rayon Polis Şöbəsinə müraciət edərək, ona məxsus fərdi yaşayış evinin qarət edildiyini bildirib. Evdə oğurluq zamanı heç kim olmayıb. Zərərçəkənin müraciəti əsasında polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Çox keçməyib ki, axtarışlar öz bəhrəsini verib və şübhəli qismində zərərçəkənin həmkəndlisi, 47 yaşlı İttifaq İsmayılov saxlanılıb.
Eldəniz Mustafayev müstəntiq :“ Həmin şəxs şübhəli şəxs qismində Rayon Polis Şöbəsinə dəvət olunmuş və onunla aparılmış proflaktiki söhbətlər zamanı həmin oğurluq hadisəsinin onun tərəfindən törədilməsini səmimi olaraq etiraf etmişdir. Faktla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır”.
İttifaq İsmayılov istintaqa verdiyi ifadə zamanı evdən 1650 manatlıq əşyaları sərxoş halda oğurladığını bildirib. Saxlanılan şəxs gec də olsa, ev sahibindən üzr istəməyi özünə borc bilib.
İttifaq İsmayılov saxlanılan şəxs :“Çox-çox peşmanam. Ailəmin yanında utanıram. Ev sahibindən də dəfələrlə üzr istəyirəm. Kəndə də çıxa bilmirəm”.
Günahı tam sübuta yetirilərsə, bu, İttifaq İsmayılovun ikinci məhkumluğu olacaq. Hazırda fakt üzrə istintaq araşdırmaları davam etdirilir.
Natiq Hüseyn
- Baxış: 1319