Ağır xəsarətlər alan ailə üzvlərindən biri ölüb, digəri isə yaralanıb.
Lənkəranın Liman şəhəri, Telman Bağırov 32 ünvanında yerləşən mənzilə gecə saatlarında kimliyi hələlik istintaqa məlum olmayan şəxs hücum edib. Nəticədə 63 yaşlı Arifə Nəcəfova və onun qızı, 40 yaşlı İlahə Nəcəfova kürək və qol nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alıblar. Xəsarət alan hər iki sakin Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və əməliyyat ediliblər. Həkimlərin müdaxiləsinə baxmayaraq 63 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.
Yaxınlarının deməsinə görə hadisə zamanı evdə İlahə Nəcəfovanın azyaşlı oğlu da olub. O, anasının və nənəsinin vurulduğunu pəncərədən görüb və mobil telefonla dayısına zəng vurub. Qonşular həmin anda səsə gəlsələr də evə girən şəxsi yaxalaya bilməyiblər. Hadisəni törədən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Faktla bağlı Lənkəran Şəhər Rayon Polis şöbəsində araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 458