• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 677
— 16.06.2017 15:01

Şəmkirdə bacıoğlu dayısını bıçaqladı

KepezTV Player

Dayının işlətdiyi ifadələr ona baha başa gəldi.

Dayı işlətdiyi nalayiq sözlərə görə xəstəxanalıq olub. Hadisə Şəmkirin Talış kəndində baş verib. Bacı oğlu bıçaqla dayısına ağır bədən xəsarətləri yetirib.

Talış kənd sakini 45 yaşlı Həbib Mehdiyevi 32 yaşlı bacısı oğlu Taleh Osmanov bıçaqlayıb. Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Əməliyyat olunan şəxs vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Şahin İsgəndərli- həkim: “Əməliyyat olunub. Belinin çəmbər bağırsağı zədələnib. Diafraqma daxildən tikilib. Əməliyyatdan sonra xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti keçirdiyi əməliyyata uyğundur”.

Bıçaqlanan şəxsin qardaşı Rasim Mehdiyevin sözlərinə görə, qohumlar arasında əvvəllər heç bir ədavət olmayıb. Sözügedən hadisə isə sərxoşluq zəminində yaşanıb. Tərəfləri bir neçə dəfə sakitləşdirmək cəhdi nəticə verməyib. Nəticədə Taleh özündən 13 yaş böyük dayısına 2 bıçaq zərbəsi endirib.

Rasim Mehtiyev- zərərçəkənin qardaşı: “Əvvəllər çox mehriban olublar. Can deyib, can eşidiblər. Yeyib, içəndən sonra dalaşıblar. Sözləri çəp gəlib”.

Şəmkir Polisi dayısını bıçaqlayan bacıoğlunu isti izlərlə saxlayıb. Taleh Osmanov hadisə vaxtı sərxoş olduğunu inkar edərək dayısını onun ünvanına nalayiq sözlər işlətdiyi üçün bıçaqladığını bildirib.  

Taleh Osmanov- saxlanılan şəxs: “Deyib gülə-gülə çay içirdik. Gəldi mənə dedi bura gəl, mən də dedim çıx get. Gəldi qulağıma söyüş söydü. Bıçaq da cibimdə açılmışdı. Heç nə götürdüm, vurdum”.

Taleh Osmanovun əməlinə aparılacaq araşdırmalardan sonra hüquqi qiymət veriləcək. Cinayət işinin istintaqı davam edir.

 

Natiq Hüseyn