• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2148
— 13.06.2017 15:39

“Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC tərəfindən görülən tədbirlər kənd təsərrüfatı məhsullarının qiymətinə ciddi təsir edəcək

KepezTV Player

Bir neçə gündən sonra ölkənin bütün ərazisində yazlıq məhsulların tədarükünə start veriləcək. Bununla bağlı “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC geniş miqyaslı sosial təşəbbüslərin həyata keçirilməsinə başlayıb.

Regionlar üzrə ixtisaslaşan məhsulların vaxtında tədarükü, logistika və alıcılara çatdırılması son dərəcə vacib məsələdir. Bu dolayısıyla insanların sosial vəziyyətini, bazardakı qiymətləri müəyyən edən əsas məqamlardandır. Buna görə də “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC yük maşını olan və ərzaq məhsullarının satışını həyata keçirən mağaza sahiblərini əməkdaşlığa dəvət edir.

Xəlil Cabbarov- mağaza sahibi: “Kənd təsərrüfatı məhsullarının hamısını kəndlilərdən alırıq. Onlarla əlaqəmiz var, gətirirlər. Bizi də qane edir onların verdiyi qiymət. Onları da bizim alış qiyməti qane edir. Şəmkirdən pomidorlarımız, Goranboydan meyvələrimiz gəlir. 3-5% satışda olan gəlirimizi verirlər. Çatdırmaqları bir az gecikəndə narazılıq yaranır. İstəmirik ki, müştərilər gəlib boş qayıda”.

Qərib Mehdiyev- sürücü: “Hazırda işimiz yoxdur. Olanda işləyirik, olmayanda burada boş bekar dururuq. 1967-ci ildən meyvə-tərəvəz idarəsində sürücü işləmişəm. Bu maşını da oradan almışam. Elə savadım yoxdur. Mənimki işləməkdir”.

Əzim Abdullayev- sürücü: “Özümün şəxsi maşınım var. Bu yük maşınıdır. İstənilən vaxt işim olmayan vaxt gəlib işləyə bilərəm”.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC bu şəxslərə müqavilə əsasında yazlıq məhsulların tədarükü prosesinə qoşulmağı təklif edir. Sürücülərə zəruri xərclərin qarşılanması vəd olunur. Həmçinin hüquqi müqavilə əsasında onun səyyar satış keçirəcəyi ərazidə müvafiq icazələr alınır. Həmin icazə səyyar satışın istənilən formada, istənilən yerdə həyata keçirilməsinə imkan verir.

Nicat Nəsirli- “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-nin mətbuat xidmətinin rəhbəri: “Böyük şəhərlərdə yaşayan avtomobili olan, lakin məşğuliyyət tapa bilməyən vətəndaşlara müraciət edirik ki, aşağıda göstərilən nömrələrə zəng etsinlər. 012 555 04 14 nömrəsi ilə əlaqə saxlasınlar. Cəmiyyətə buyuraraq müqavilə imzalansın, tədarük prosesinə qədər onun texniki imkanları təmin olunmuş olsun. Həmin maşının çəkisi 5 tona qədər olmalıdır. Lazımi standartlara cavab verməlidir. Ümumilikdə maşın texniki baxımdan saz vəziyyətdə olmalıdır”.

Əlbəttə ki, hər bir şəxsi işinin qarşılığı olaraq alacağı pul maraqlandırır.

Nicat Nəsirli- “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-nin mətbuat xidmətinin rəhbəri: “Biz ASC olaraq istənilən növ kənd təsərrüfatı məhsulunu həmin adama topdan satış qiymətinə verməyi təmin edirik. Burada da əsas marağımız ondan ibarətdir ki, topdan satış qiymətinə həmin məhsulunu əldə etsin. Üstünə öz mənfəətini qoyaraq onun satışını həyata keçirsin. Əsas məqsədimiz odur ki, həmin fermərlər həm də satıcılar bu prosesdən qazansınlar. Burada əsas fermerlərin iqtisadi müdafiəsinin həyata keçirilməsidir. Onların məhsulunun vaxtında, əlverişli qiymətlə, olduqları yerdən alınması, böyük bazarlara gətirilməsi və bu prosesdə minlərlə insanın qazanc yeri əldə etməsi məqsədi güdürük”.

Bu addımın Respublikanın bütün regionlarında, xüsusən iri şəhərlərdə qiymət tendensiyasına çox ciddi təsir edəcəyi gözlənilir. Xüsusilə payız mövsümünə qədər qiymətlərin sabitləşməsinə ciddi təsir edəcəyi planlaşdırılır.

Jalə Qurbanova