• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1378
— 06.06.2017 15:16

Gəncə və Goranboyda xırda davarlara vaksinlər vurulur

KepezTV Player

Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən şəhər və rayonlara göndərilən vaksinlərin təsərrüfatlarda istifadəsinə nəzarət gücləndirilib. Gəncə və Goranboy baytarları növbəti profilaktik tədbirlərini təlimata uyğun həyata keçirir.

Gəncə şəhər Baytarlıq İdarəsinin həkimləri xırda davarlara çiçək xəstəliyinə qarşı peyvənd vurur. İri buynuzlu mal-qara arasında dabaq və nodulyar dermatit əleyhinə tədbirlər görən baytarlar epizootik durumun sabit olması üçün dövlət tərəfindən verilən dərman preparatlarından istifadə edir.

Bayandur Rzayev- Gəncə Şəhər Baytarlıq İdarəsinin rəisi: “Üzərində “satıla bilməz” sözləri yazılan vaksinlərin tətbiqi aparılır. Burada şəffaflığın qorunması prinsipi əsas götürülür. Bütün fərdi təsərrüfatlarda oluruq. Həkimlərimiz müayinə və müalicə işlərini aparır. Şəhər ərazisində epizootik durum sabitdir”.

Baytarlar profilaktik tədbirlərlə yanaşı, dezinfeksiya işlərini də aparır. Şəhər ərazisində 1500 baş iri buynuzlu mal-qara və 2 min 500 baş xırda davar bəsləyən fermerlər görülən tədbirlərin mal-qaranın baş sayının artımına da müsbət təsirindən danışır.  

Rübail Nəsibov- fermer: “İri və xırda buynuzlu heyvanlarımızda heç bir yolxucu xəstəlik yoxdur. Sağ olsun, Gəncə baytarları hər zaman tədbirlər aparırlar. Hal-hazırda görürsüz heç bir xəstəlik aşkar olunmadı”.

Goranboy baytarları da rayondakı 18 sahə məntəqəsinə verilən dərman preparatlarını xüsusi soyuducularda saxlanılır. Peyvəndlər yalnız baytar həkimləri tərəfindən iri və xırda təsərrüfatlarda dabaq və çiçək xəstəliklərinə qarşı istifadə edilir.  

Elesevər Hüseynov- Goranboy Rayon Baytarlıq İdarəsinin rəisi: “Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən verilən dərman preparatlarının üzərində satıla bilməz yazılıb. Odur ki, həmin dərmanların satışı qəti qadağandır. Fürsətdən istifadə edib Goranboy sakinlərinə deyirəm ki, baytarlıq apteklərində belə bir halla qarşılaşarlarsa baytarlıq idarəsinə məlumat versinlər”. 

Buna qədər Goranboylu baytarlar 3-6 aylıq quzular arasında göz- damcı üsulu ilə peyvəndləmə həyata keçiriblər. Fermerlər profilaktik tədbirlərin əhəmiyyətini vurğulayır.

Elvin Həmidov- fermer: “Təsərrüfatımızda 200 baş xırda buynuzlu heyvan var. Mütəmadi olaraq müayinə, müalicə olunurlar. Heç bir yolxucu xəstəlik müşahidə olunmayıb”.

Goranboy rayonunda 42 min baş iri və 220 min  baş xırda davar bəslənilir.

 

Natiq Hüseyn