Uzun illərdir istifadə olunan elektrik naqilləri və transformatorlar, eləcə də işıq dirəkləri, yenisi ilə əvəz olunur.
Hazırda rayonun dağ kəndləri olan Aşıqlı, Yeni Zod, Xəqani, Çaykənd və Topalhəsənlidə köhnə ağac dirəkləri yeni dəmir-beton dirəklərlə dəyişdirilir. Kəndlərin elektrik naqilləri sip kabellərlə əvəz olunur. İşlər yekunlaşdıqca əraziyə müasir transformatorlar quraşdırılır.
Səməndər Verdiyev- Aşıqlı kənd sakini: “Kəndimizdə bir neçə il bundan əvvəl quraşdırılmış transformatorlar idi, indi 5 ədəd yeni transformator alıb, quraşdırıblar. Kabellər hamısı dəyişdirilibdir, bir ədəd belə köhnə şey tapmaq mümkün deyil. Bircə xahiş edərdim ki, kəndin ortasında dirəklər var, onları dəyişdirsələr gözəl olardı”.
Malik Muxtarov- Aşıqlı kənd sakini: “Kabellərimiz belə yaxşıdı. İndi uşaqlar üçün təhlükə yoxdur, onlar indi bütün meyvələrdən yeyə bilərlər”.
Bir neçə kənddə paralel aparılan işlər ayın sonuna yekunlaşdırılacaq. Elektrik təsərrüfatı yenilənən kəndlərdə abonentlərin mənzillərindəki sayğaclar da yeniləri ilə əvəz olunacaq.
Samir Rəsulzadə- Göygöl Elektrik Şəbəkəsinin rəisi: “Bu il ərzində, yanvar ayından bu günə qədər rayonda ümumilikdə 5 km-ə qədər 0.4 kilovoltluq xətt yenisi ilə əvəz olunub. Bildiyiniz kimi rayonun relyefi baxımından dağ rayonu olduğuna görə, iqlim şəraiti sərt keçdiyinə görə, bütün bu işlər görülür ki, payız-qış mövsümündə qəza açılmalarımız sıfıra endirilsin. Bütün bu işlər abonentlərimizin daha keyfiyyətli, dayanıqlı elektrik enerjisi ilə təminatı üçün görülür”.
İlin sonuna kimi rayonun daha 2 kəndi Zurnabad və Kərəmlinin elektrik təsərrüfatının yenilənməsi həyata keçiriləcək.
Elton Cabbarlı
- Baxış: 931