• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1453
— 31.05.2017 15:58

Gəncədə “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin II Respublika müsabiqəsinin zona mərhələsi keçirilib

KepezTV Player

Gəncədə “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda illik maarifləndirmə proqramı çərçivəsində məktəblilərin 2-ci Respublika müsabiqəsinin zona mərhələsi keçirilib. Təhsil, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin dəstək verdiyi tədbirə Gəncə-Qazax zonası üzrə 42 məktəbli qatılıb.

Gəncə şəhər məktəblisi: “Aqrobiomüxtəliflik ekoloji təmiz məhsul yetişdirilməsində bilik və bacarıqlarımı tətbiq etməkdir. Balqabaq bitkisini yetişdirmişəm. Əkiləcək sahəni babamın həyətində seçdim. Onun da yardımı ilə bunu etdim”.

Goranboy rayon məktəblisi: “Ekoloji tərbiyə və təcrübəçilik məktəbinin dərnəyinə üzv olmuşam. Gülçülük dərnəyidir. Qızılgüllər yetişdiririk. Onları təmiz üsulla suvarırıq. Ətrafındakı otları təmizləyirik. Toprağı bir müddətdən sonra yumşaldırıq. Nəticədə təmiz məhsul alırıq. Dərnək üzvləri ilə birgə bunu etdik”.

Tovuz rayon məktəblisi: “Tərəvəzçilik, meyvəçilik, heyvandarlıq, dənli bitkilər üzrə gəlmişik. Bunlar geni dəyişdirilməmiş saf ekoloji təmiz məhsullardır. Bunları hazırlayarkən ailə üzvlərindən yardım almışıq. Müəllimlərin bizə öyrətdiklərini tətbiq etmişik. Yoldaşlarımızla birgə hazırlamışıq”.

“Meyvəçilik”, “Arıçılıq”, “Heyvandarlıq”, “Meşə məhsulları”, “Tərəvəzçilik”, “Subtropik bitkilər”, “Gülçülük”, “Dənli bitkilər”, “Balaca fermer” nominasiyaları üzrə şagirdlər fərdi, kollektiv, sinif ailə və ya məktəb şəklində iştirak ediblər. Sərgidə nümayiş olunan məhsullara maraq böyük olub.

Qreqori Raçzka- Polşanın Poznan Təbiət Elmləri Universitetinin professoru: “Azərbaycan təbii sərvətlərlə zəngin ölkədir. İndidən şagirdlərdə belə marağın yaradılmasını çox yüksək dəyərləndirirəm. Bizdə də belə tədbirlər tez- tez olur. İbtidai siniflərdən başlayaraq məktəblər arasında müxtəlif səpkili sərgilər, müsabiqələr təşkil edirik. Vurğulamaq istəyirəm ki, sizdə olan biomüxtəliflik Polşaya nisbətən daha zəngindir”.

Sərgi zamanı nümayiş olunan məhsullar münsiflər heyəti tərəfindən qiymətləndirmə cədvəli üzrə müxtəlif balla qiymətləndirilib.

İrşad Abbasov- münsiflər heyətinin üzvü: “Gənc nəslin ekoloji təmiz məhsul nədir, onun istehsalı necə olur, anlamının tərbiyəsində çox mühüm rol oynayır. Bugünki sərgidə təbiidir ki, gənclər, orta məktəb şagirdləri tərəfindən hazırlanmış məhsullardır. Düzdür, müəyyən çatışmazlıqlar var. Təəssüf ki, məktəbyanı sahələrdə istehsal olunmasa da ailələrdə istehsal olunub, bişirilib hazırlanıb. Bütün bu proseslərdə şagirdlərin iştirakı müsbət haldır”.

Ümumilikdə Respublikanın 6 regionu üzrə təşkil olunan müsabiqəyə 1500-dən artıq məktəbli qatılıb.
Firuzə Sultanzadə- Təhsil Nazirliyinin Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru: “Biz istədik ki, aqrobiomüxtəliflik və ekoloji təmiz məhsulu məktəblilərin arasında təbliğ edək. Onlar özləri 1 il ərzində bu müsabiqə üçün yeni və regional endemik sortları və aqrar sektora yönəldərək özləri etsinlər. Birinci mərhələdə 2000-dən çox istirakçı qatıldı. Finala 100 nəfər gəldi”.

Müsabiqədə 50 baldan yuxarı nəticə göstərənlər Bakıda Respublika mərhələsində iştirak etməyə vəsiqə qazanıblar.

Jalə Qurbanova