İstirahət günü Lənkəranda 3 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə bir piyada, bir velosipedçi həyatını itirib, 7 nəfər isə xəsarət alıb.
İlk avtomobil qəzası Lənkəranın Cil kəndində baş verib. Mirnasir Seyidzadənin idarə etdiyi "Chevrolet aveo" markalı avtomobillə hərəkətdə olarkən 30-35 yaşlı naməlum piyadanı vurub. Sürücü Mirnasir Seyidzadə yaralını avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq istəsə də yaralı yolda dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ləkəran şöbəsinə təhvil verilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Digər piyada ölümü isə Lənkəranın Velədi kəndi ərazisində qeydə alınıb. Axşam saatlarında Ələt-Astara magistralının 204-cü kilometrliyində Lənkəran rayon Mamusta kənd sakini Vasif Həsənovun idarə etdiyi "VAZ" markalı avtomobil ilə velosipeddə hərəkətdə olan 52 yaşlı Sütəmurdov kənd sakini Tərlan Ələsgərovu vurub. Piyada hadisə yerində keçinib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. İstirahət günü sonuncu hadisə Lənkəranın Boladı kəndində baş verib. Bu yol qəzasında isə 7 nəfər xəsarət alıb.Hadisə zamanı "VAZ" markalı minik avtomobili “Opel” markalı minik avtomobili ilə toqquşub. Toqquşma nəticəsində "VAZ" markalı avtomobilin sürücüsü, 44 yaşlı Liman şəhər sakini Mürsəl Əsgərov sərnişinləri - həyat yoldaşı, 37 yaşlı Günel Əsgərova, qızı Zəhra Əsgərzadə, sürücünün yaxın qohumları Əlişan Qasımov, Aylin Qasımova, 38 yaşlı Günay Haşimova xəsarət alıblar. Qəza zamanı yaralananlardan digəri isə "Opel" markalı maşının sürücüsü Astara sakini Xudaverdi Hüseynovdur. Yaralılar yerli sakinlərin köməyi ilə deformasiyaya uğramış avtomobildən çıxarılaraq Lənkəran rayon mərkəzi xəstəxanasına gətiriliblər. Faktla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 634