• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1620
— 20.05.2017 13:09

Goranboyda yerkökünün əkib becərilməsinə başlanılıb

KepezTV Player

Azərbaycanda əhalini ekoloji təmiz və zəngin tərkibli ərzaq məhsulları ilə təmin etmək məqsədilə Goranboyda yerkökünün əkib becərilməsinə başlanılıb. Bu məqsədlə bir qrup fermer pay torpaqlarını biləşdirərək ənənəvi kənd təsərrüfatı məhsulları ilə yanaşı, yerkökünün kütləvi becərilməsini aparır.

Ötən il Goranboyda 26 hektarda yerkökü əkən fermerlər bu il bitkialtı sahəni 43 hektara çatdırıblar. Toxumlar əsasən məhsuldar və xəstəliyə davamlı xarici sortlardır. Sahələrdə bitkini alaq otlarından təmizləyən kəndlilər suvarılmanı çiləmə üsulu ilə aparmaqla yüksək nəticə əldə etməyə qərarlıdırlar. Yerkökü əkilən sahələrin hər hektarına dövlət tərəfindən 50 manat subsidiya verilir və digər fermerlər kimi Şakir Hüseynov da, bundan yararlanaraq həm əkin sahəsini genişləndirir, həm də əhalinin məşğulluğunu təmin edir.

Şakir Hüseynov- fermer: “Torpaqların birləşdirilməsi daha əlverişlidir bizim üçün. Əvvəllər hərədə 2-3 hektar idi. Ancaq bu ildən birləşdirmişik torpaqlarımızı, səmərəli istifadə edirik. Prezidentimiz sağolsun, onun göstərişi əsasən da bizdə mineral gübrələri 50% güzəştli şərtlərlə əldə edirik, bu da bizə köməkdir”.

Mütəxəssislərin hesablamalarına görə, aqrotexniki tədbirlərin düzgün aparılması bu il üçün məhsuldarlığın hər hektardan 25-30 ton olmasına zəmin yaradır. 

Rafət Qurbanov- Goranboy rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini: “Əhalinin məşğulluğunu təmin etmək məqsədilə 43 hektar sahədə yerkökü əkilibdir. Hazırda sahələrdə yüksək texnologiyalardan istifadə edilməklə becərilmə və suvarılma aparılır. Demək olar ki, bütün aqrotexniki qaydalara əməl olunub. Ötən il yüksək məhsuldarlıq əldə olunub, bu il də hesab edirəm ki, bol məhsul əldə edəcəyik”.

Bir neçə aydan sonra toplanacaq məhsulun daxili bazarda satışı ilə yanaşı, xarici ölkələrə ixrac olunması nəzərdə tutulur. Məhsulun bazarı olduğundan və fermerlər qiymətlə bağlı çətinlik yaşamadığından Goranboyda yerkökünün əkin sahəsinin genişləndirilməsi planlaşdırılır. 

Xaliq Qurbanlı