• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1526
— 18.05.2017 13:10

Goranboy tütünçülük ənənələrini geri qaytarır

KepezTV Player

Artıq rayonun dağətəyi kəndlərində tütün şitilinin becərilməsinə başlanılıb. Gəlirli olduğundan fermerlər bu il əkin sahələrini də artırıb. 

Bu il Goranboyun 5 dağətəyi kəndində 6 hektarda tütün əkilib. Şitillər əsasən Zaqataladan gətirilib və 1 aydır becərilməsi aparılır. Yüksək aqrotexniki diqqət tələb edən bitkinin hazırda alaqdan təmizlənməsi və suvarılması aparılır. Ötən il hər hektardan 2 ton əldə edilən məhsul quru halda Şəki Tütün Kombinatına 1 kiloqramı 2 manata təhvil verilib. Bölgədə tütünçülüyü inkişaf etdirmək üçün fermerlərə hər hektara güzəştli şərtlərlə kredit də təklif olunur.

Bahəddin İbrahimov- Zeyvə kənd sakini: “Dövlət tərəfindən də dəstəyimiz var. Hər hektara 1500 manat olmaqla müqavilə bağlanılıb. Həmin tütünü aprel ayında əkmişik, 2 aydan sonra bitki inkişaf etdikdə yığıb yarpaqlarını qurudub tütün məntəqəsinə təhvil veririk. Keçən il 2 hektar əkdik, 4 tona yaxın məhsul əldə elədik. Kilosu 2 manata da satmışıq, çox gəlirli sahədir”.

Rəşid Xudiyev- Qaraçınar kənd sakini: “Keçən il bir neçə kəndin ərazisində 6 hektar tütün əkilmişdi. Məhsuldarlıq da pis deyildi. Hektara 2 ton, 2 ton 300 kq məhsul əldə etmişik. Ancaq ötən il əkdiyimiz şitillər yerli sort olduğu üçün gözlədiyimiz nəticəni ala bilmədik. Ancaq bu ilki şitillərimiz xaricdən gətirilib və çox məhsuldardır”.

Tütünçülük kənd sakinlərinin məşğulluğunu da artırıb. 

Rafət Qurbanov-Goranboy Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini: “1 növ tütün sortunun qurudulmuş vəziyyətdə satılması üçün fermerlərlə 2 manatdan müqavilələr bağlanılıb. Çalışacağıq ki, 1 növü əldə etmək üçün bitkini yaxşı becərək və yaxşı qurudaq. Bununla yanaşı, fermerlərimizə dövlət tərəfindən subsidiyalar da təyin olunub və çalışacağıq ki, bunlardan da tütün əkib becərənlər yararlansın”.

Sovet dönəmində Goranboyda hər il 30-40 hektar ərazidə tütün əkilib və yüksək məhsuldarlıq əldə olunub. Lakin 90-cı illərdən başlayaraq bu sahəyə marağın azalması rayonda tütün əkininə mənfi təsir edib. Artıq 2 ildir ki, dövlət dəstəyinə arxalanan fermerlər Goranboyda tütünçülük ənənəsini geri qaytarmağı qarşılarına məqsəd qoyublar.

Xaliq Qurbanlı