5 ay əzində avtomobillərdən müxtəlif qurğu və pul oğurlayan şəxslərdən bəzisi cinayət əməlində özlərini günahkar bilmirlər. Hər halda kimin haqlı, kimin haqsız olduğu polisin araşdırmalarından sonra bəlli olacaq.
Vətəndaş Məhəmməd Əsgərov Binəqədi Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, gecə avtomobilinin şüşəsini qırıblar və oradan 2 ədəd mobil telefon, iki mobil nömrə oğurlamaqla ona 2375 manat məbləğində ziyan vurublar. Təhlükəsiz şəhər xidməti və Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu işdə şübhəli bilinən Bakı şəhər sakinləri Nicat Ələkbərov, Ramin Cəbrayılov və Eldar Baxışov tutulub, daha 2 nəfər isə müəyyən edilib. Adı çəkilən şəxslər yanvarın 24-dən mayın 4-dək olan müddətdə rayon ərazisində 15 avtomobildən yan güzgüləri, səsgücləndiricilər, videoqeydiyyat qurğusu, təkər, qaldırıcı qurğu, pul, qızıl və məişət əşyaları, sənəd, maqnitofon və tütün məmulatı oğurlayıblar.
Nicat Ələkbərov isə iddia edir ki, Raminin oğurluq edəcəyindən xəbəri olmayıb.
Əvvəllər də məhkumluq həyatı yaşayan Eldar Baxışovun sözlərinə görə, o, bu cinayətlərin birbaşa iştirakçısı olmayıb.
Polis İdarəsindən verilən məlumata görə, ümumilikdə vətəndaşlara 7-8 min manata yaxın ziyan dəyib. Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.
Zülfiyyə Telmanqızı
- Baxış: 584