Yol qəzaları bu dəfə də kimini həyatından, kimini sağlamlığından etdi. Mala gələn ziyan da öz yerində. Səbəblərsə araşdırmalarla bilinəcək.
Qax-Qorağan avtomobil yolunun 7-ci kilometrliyində, Qax rayonu ərazisində Qorağan kənd sakini, 24 yaşlı Elçin Əliyev “Mercedes” markalı avtomobildə idarəetməni itirib, nəticədə maşın yolun kənarındakı ağaca çırpılıb. Sərnişin, sürücünün həmkəndlisi, 29 yaşlı Ruslan Qafarov aldığı xəsarətlərindən hadisə yerində ölüb. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına aparılıb, vəziyyəti orta-stabil qiymətləndirilir.
Bakının Nəsimi rayonu Bakıxanov küçəsində isə mopedlə hərəkətdə olan sürücü, 26 yaşlı Soltan Gözəlov yolu keçmək istəyən piyadanı vurub. Təxminən 30 yaşında olan piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Soltan Gözəlov polis tərəfindən saxlanılıb. Sürücünün sözlərinə görə, piyada yoluna qəfildən çıxıb. O, hadisə yerinə təcili tibbi yardım çağırsa da artıq gec olub.
Nəsimi rayonu Azadlıq prospektində isə zəncirvari yol qəzası baş verib. 3 avtomobil toqquşub. Belə ki, prospektlə hərəkətdə olan "QAZ 3110" markalı avtomobil işıqforun qırmızı işığında dayanıb. Onun arxasınca isə "Daewoo" markalı avtomobil saxlayıb. Bu zaman Elnarə Məmmədovanın idarə etdiyi "Mercedes" markalı avtomobil yüksək sürətlə hərəkətdəykən "Daewoo"a, o isə "QAZ 3110"a çırpılıb. Polis əməkdaşları hadisə yerinə baxış keçiriblər, sürücülərin ifadəsi alınıb, avtomobillər isə cərimə meydançasına yerləşdirilib. Faktlar araşdırılır.
Vüsalə Camal
- Baxış: 446