2 nəfər öldü, 3 nəfər yaralandı. İlk xəbərimiz yollarda yaşanan kabus, yəni qəzalarla bağlıdır. Bu dəfə Lənkəranda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Ölümlə nəticələnən ağır yol qəzası Ələt-Astara magistral yolunun, Lənkəranın Velədi kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, “Mercedes” markalı avtomobil əvvəl “Lada Priora” markalı maşına, daha sonra isə İran İslam Respublikası vətəndaşına məxsus yük maşını ilə toqquşub. Nəticədə idarəetməni itirən yük maşını yaşayış evinin hasarını dağıdaraq həyətə girib. Baş verən qəza nəticəsində avtomobillər yararsız vəziyyətə düşərək deformasiyaya uğrayıb. Qəza zamanı “Mercedes”de olan Şükürov Anar Şükür oğlu, Fərzullayev Amid Natiq oğlu dünyasını dəyişiblər. “Lada Priora” markalı avtomobildə olan sürücü və sərnişinlər, Lənkəranın Gərmətük qəsəbə sakinləri, 24 yaşlı Mustafa Məcidov, 23 yaşlı Vüqar Ağayev və 26 yaşlı Mahir Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta ağır olduğu bildirilir. Deformasiyaya uğrayan avtomobildə sıxılaraq qalan meyitləri çıxarmaq üçün, olay yerinə FHN-nin Cənub Regional Mərkəzinin Xüsusi Riskli Xilasetmə Dəstəsi cəlb olunub. Meyitlər avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin qəza baş verən əraziyə DYP-nin əməkdaşları baxış keçirib. Hadisə yeri müayinə edilib. Qəzanın başvermə səbəbi isə təyin olunan avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq. Qeyd edək ki, qəza nəticəsində magistral yol bir neçə saat bağlı qalıb, nəticədə yolda tıxac yaranıb. Faktla bağlı araşdırma aparıllır.
Zülfiyyə Telmanqızı
- Baxış: 521