• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1808
— 17.04.2017 11:44

Xaricdən təcrübə məqsədilə gətirilən meyvə sortları öz məhsuldarlığı ilə yerli sortları üstələyir

KepezTV Player

Bir neçə il bundan öncə İtalyadan, İspaniyadan və Türkiyədən Azərbaycana gətirilərək becərilən meyvə ağacları artıq öz bəhrəsinin verməyə başlayıb. Yerli meyvə sortlarından üstünlüyü ilə seçilən ərik, şaftalı və nektarin ağaclarının artıq tingliyi də salınıb. Goranboylu fermer Rasim Nəbiyev bol məhsuldar meyvə ağaclarının becərilmə təcrübəsini respublikada  genişləndirmək üçün Kənd Təsərrüfatı Nazirliyi ilə də danışıqlar aparıb. 

Goranboy rayonunu Xoylu kəndi ərazisində yerləşən fermer təsərrüfatının hazırda 8 hektarında meyvə bağı salınıb. İxtisasca aqronom olan fermer Rasim Nəbiyevin məqsədi az məhsuldar və cırlaşmış yerli meyvə ağaclarını daha məhsuldar, xəstəliyə davamlı və tezyetişən xaricdən gətirilən sortlarla əvəzləməkdir. Təcrübə məqsədilə təsərrüfatında bir neçə ildir ki, İtalya və İspan sortu olan ərik, şaftalı və nektarin becərən fermer bol məhsul əldə edəcəyini proqnozlaşdırır. 

Hazırda fermer təsərrüfatında becərilən İtalyadan gətirilən ərik sortlarının bir üstün cəhətləri də ondan ibarətdir ki, bu ağaclar 2 yaşından sonra bar verməyə başlayır. Hazırda bu ağacın 3 yaşı var və məhsul gətirmə tutumu 25 kiloqramdan artıqdır.

Aqrotexniki qaydalara əsasən xarici sortların əkilməsi sıx aparılır və hər hektar üçün 800 ting təşkil edirsə, yerli ağac sortları üçün bu göstərici 500 tingə bərabərdir.

Rasim Nəbiyev- fermer: “Bu sortlar yaxın əkilir və hər il budanır. Buna görə də meyvələri eyni formada olur ki, bu da satış üçün çox yayrarlıdır. Hazırda bu bağda 800 ağac var, bu il hər ağacdan 25 kiloqram məhsul əldə edəcəm, bu da hektara vuranda böyük bir rəqəm edir. Amma faktiki olaraq yerli meyvə ağaclarından ibarət olan bağımda 9 illik ağaclardır, hər birinin üzərindən heç 10 kiloqram meyvə yığa bilmirəm, çünki artıq gətirmir”.

Təsərrüfatda hektarlarla ağacların və tinglərin suvarılmasını həyata keçirmək üçün gələcəkdə damçı üsulu da tətbiq olunacaq. Bu da həm bitkinin lazım olan qədərində suyla təminatına, həm də dərman və gübrələrin verilməsini asanlaşdıracaq.

Tofiq Pirverdiyev- tingçilik təsərrüfatının işçisi: “Nəzərdə tutmuşuq damcı üsulundan istifadə edərək suvarma təşkil edək. Bu çox yaxşı effekt verəcəkdir. Suya, vaxta qənaət etməklə bol məhsul əldə edəcəyik. Damcı üsulunun tətbiqi həm də bağda ağaclar arasında alaq otlarının əmələ gəlməsinin qarşısını alacaqdır”.

Fermer Rasim Nəbiyev qərb bölgəsində bağçılıqla məşğul olan təsərrüfatları tinglərlə təmin etmək üçün işlərə də başlayıb. Bu məqsədlə fermer əkdiyi sertifikatlı hər bir ting üçün dövlətdən 50 qəpik subsidiya əldə edəcək ki, bu da onun gələcək fəaliyyətinə stimul verəcəkdir. Hazırda sahələrdə gələcək üçün müxtəlif sortda 70 min ting becərilir.

 

Xaliq Qurbanlı