• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2165
— 14.04.2017 16:57

Tələbələrin bədii- yaradıcılıq festivalının Gəncə üzrə seçim turu baş tutub

KepezTV Player

Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalının keçirilməsi artıq ənənə halını alıb. Bu gün may ayında Bakıda təşkil olunacaq növbəti festivalın Gəncə üzrə seçim turu baş tutub.

Bir- birindən fərqli ifalar, alqışlarla qarşılanan çıxışlar...

ATU, ADAU və GDU tələbələri bir- birindən maraqlı təqdimatlarla münsiflər heyətinin rəğbətini qazanmağa çalışıblar. Çıxışlar incəsənətin estrada, aşıq musiqisi, xor, rəqs və bədii qiraət kimi müxtəlif sahələrini əhatə edib.

Baba Vəziroğlu- əməkdar incəsənət xadimi, şair: “Biz bir münsif kimi, istedadlı tələbələrin müəyyənləşdirilməsində öz əməyimizi əsirgəmirik. İldən- ilə tələbələr arasında yaradıcılıq rəqabətinin getdiyinin şahidi oluruq. Həm tələbələri ruhlandırırıq, istedadlı gəncləri seçirik, həm də özümüz ruhlanırıq”.

 Artıq ənənə halını alan festivalın keçirilməsində məqsəd tələbələri milli-vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli-adət ənənələrimizə hörmət, bədii- estetik ruhunda tərbiyə etməkdir. Bununla yanaşı, festival Azərbaycanın bölgələrində yaşayan və incəsənətin ayrı-ayrı növləri üzrə istedadlı gənclərin üzə çıxarılmasına şərait yaradır.

Nailə Mirməmmədli- əməkdar incəsənət xadimi, bəstəkar: “Mənim fikrimcə bizim bu keçirdiyimiz festival gəncləri həm həvəsləndirir, həm də onlara stimul verir. Gənclərimiz təhsillərindən əlavə olan bu marağını, incəsənətə olan bu marağını görəndə çox sevinirəm”.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunan ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalında, ötən illərdən fərqli olaraq bu dəfə peşə liseyləri və kolleclərin tələbələri də iştirak edəcək.

Gəncədən əvvəl münsiflər heyətinin üzvləri Bakı, Sumqayıt və Lənkəranda olublar. Fərqlənən tələbələrin iştirakı ilə yekun konsert proqramı ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində baş tutacaq.

Gülnar Fazilqızı