Deyirlər çox oxuyan yox, çox gəzən bilər. Həm bilmək, həm görmək, həm də gördüklərini lentə almaq üçün səyahətə çixan İran vətəndaşı bir neçə gündür ki, Azərbaycandadır. Səyyahın yolu Gəncədən keçir.
1 il 8 aydır ki, dünyanı gəzən Şahin Sadathüseyni Gəncədədir. İran əsilli Almaniya vətəndaşının məqsədi 2 ilə doğulduğu şəhər olan Tehrana qayıtmaqdır. Özü də piyada, içinə zəruri əşyalarını yerləşdirdiyi 100 kq-lıq nəhəng, dəmir çarxı fırlada-fırlada...
Şahin Sadathüseyni- səyahətçi: “Əşyaları çarxla aparmaq daha asandır. Bu həm də bir idmandır. Tehrandan çıxdığım 30 ildir. "Şərqi dolanmaq" layihəsinə Almaniyada start vermişəm. 480 gündür yol gəlirəm. İki ilə, yəni 4 aydan sonra yekunlaşmalıdır. Gürcüstandan gəlirəm, artıq 4-cü gündür Gəncədəyəm. Sabah Bakıya gedirəm”.
Səyahətçi Avstraliya, Avropa dövlətləri olmaqla 15 ölkəni gəzərək 470 min km yol qət edib. 44 yaşlı səyyah həm də foto-bloggerdir.
Şahin Sadathüseyni- səyahətçi: “Qərb bölgəsində çox sayda alman izləri var. Bu məni maraqlandırdı. Nizami Gəncəvi məqbərəsi, dahi şəxsiyyətin irsilə tanış oldum. Sərhədi keçəndə gördüm ki, çayı qəndlə içirlər burada, eynilə Tehrandakı kimi. Çox qonaqpərvər xalqınız var. Hər kəs məni, evinə qonaq dəvət edir”.
Şahin Sadathüseynin məqsədi gəzdiyi ölkələrin mədəniyyətilə bağlı film hazırlamaq, kitab yazmaqdır.
Xəyalə Mürsəl
- Baxış: 1066