• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1533
— 12.04.2017 16:43

Şəmkir rayonunun elektrik təsərrüfatının yenilənməsi istiqamətində aparılan işlər davam etdirilir

KepezTV Player

Asiya İnkişaf Bankının maliyyə dəstəyi, “Azərişığ”ın nəzarəti altında aparılan yenidənqurma prosesi Şəmkir şəhəri ilə yanaşı, 1 qəsəbənin və 3 kəndin elektrik şəbəkəsinin yenilənməsinə hesablanıb.

624 abonentin olduğu Əliyaqublu kəndində bu günə qədər sovet dönəmindən qalan və istismar müddətini başa vuran 7 transformator məntəqəsi yenisi ilə, həmçinin qəzalı vəziyyətdə olan 220 ədəd elektrik dirəyi beton dirəklə əvəz edilib. Dayanıqlı və fasiləsiz elektrik enerjisinin verilməsi üçün hava xətlərinin yerinə 10 min metrə yaxın müxtəlif diametrli sip kabel çəkilib. Hava şəraitindən asılı olaraq elektrik enerjisinin verilməsində yaranan fasilələrdən, eləcə də baş verən qəzalardan təngə gələn kənd sakinləri görülən işlərdən razıdırlar. 

Taleh Mərdanov- kənd sakini: “Həmişə bizim kənddə işıqlarımız keçirdi. Fövqəladə hal olanda, külək olanda. Bu da bizim kəndin sutkalarla işıqsız qalması ilə nəticələnirdi. Hazırda kəndimizə çəkilən yeni işıq xətləri, yeni dayaqlar, yeni qurulan transformatorlar bizim üçün əlamətdar işdir”.

Şahin Məmmədov- kənd sakini: “40 ildir ki, bu kəndin sakiniyəm, sovet dönəmindən qalan işıq sistemi idi, naqillər çox bərbad vəziyyətdəydi, bərbad halda idi. Külək, yağışla əlaqədar işığımız tez-tez keçirdi. Çox çətinliklər çəkirdi kəndimiz”.

Şəmkir rayonunun elektrik təsərrüfatının yenilənməsi istiqamətində aparılan işlərin davamı olaraq şəhər mərkəzinin, eləcə də bir neçə yaşayış məntəqəsini elektrik enerjisi ilə təmin edən 35/10 kilovatlıq elektrik yarımstansiyasında da yaxın zamanlarda əsaslı təmir bərpa işlərinə start veriləcək.

3 mindən çox abonentin elektrik enerjsinə olan tələbatı yüksək səviyyədə ödəniləcək.

Analoji işlərin yaxın zamanlarda Dəllər qəsəbəsində, Muxtariyyə, Plankənd və Çaparlı kəndlərində də aparılması planlaşdırılır.

 

Xaliq Qurbanlı