Bakıda eyni gündə 3 bıçaqlanma hadisəsi baş verib. Sözü çəp gələnlərin gözü dönüb, nəticədə isə qan tökülüb.
Paytaxtın Nəsimi rayonunda qanlı hadisə baş verib. Rayonun Asif Məhərrəmov küçəsində qeydə alınan mübahisə zamanı 29 yaşlı Səbuhi və 27 yaşlı Xansu Həsənov bıçaqlanıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Həkimlərin məlumatına görə, Xansu Həsənovun vəziyyəti daha ağırdır. Bir bıçaq xəsarəti alan Səbuhi isə əməliyyatdan sonra tibb müəssisəsinin reanimasiyaya yerləşdirilib. Hadisə barədə Nəsimi rayon polis idarəsinin 19-cu polis bölməsinə məlumat verilib. İlkin araşdırma zamanı məlum olub ki, qanlı olayda 4 nəfər iştirak edib. Əvvəl onlar arasında mübahisə yaranıb, daha sonra şəxslərdən biri Səbuhi ilə Xansu Həsənovu bıçaqlayıb. Səbuhi hadisə yerindən qan içində qaçmağa başlayıb. Əraziyə baxış zamanı polis əməkdaşları 500 metrə yaxın məsafədə qan izi aşkarlayıblar. Sonda onu xəstəxanaya taksi sürücüsü gətirib. Qaradağ rayonunda da bıçaqlanma hadisəsi baş verib. Rayon sakini 41 yaşlı Elxan Ağayev bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Yaralı dərhal əməliyyat olunub. O, əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə ilə bağlı Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsində araşdırmalara başlanılıb. İlkin araşdırmalar zamanı Elxan Ağayevin tanışı tərəfindən bıçaqlandığı məlum olub. Onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilir. Faktlarla əlaqədar cinayət işi açılıb.
Zülfiyyə Telmanqızı
- Baxış: 482