• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2051
— 11.04.2017 15:52

Artıq əkinçilərin torpaq analizi üçün başqa ölkələrə üz tutmağına gərək qalmadı

KepezTV Player

Respublikanın 11 bölgəsində ən müasir avadanlıqlarla təchiz olunan laboratoriyalar aqrar sahədə çalışanlara kömək olacaq.

Aqrar sektorun iki qolu olan heyvandarlıq və bitkiçilik birbaşa torpaqla bağlıdır. Heyvanların yem bazası insanların ərzaqla təmini məhz torpağın münbitliyindən asılıdır. Torpaqdan elmi cəhətlərə əsaslanmayan şəkildə istifadə "torpağın yorulmasına" gətirib çıxarır. Yenidən bərpa isə uzun illər vaxt tələb edir.

Vüqar Bəşirov- ADAU-nun dosenti: “Artıq elə bir dövrə gəlib çatmışıq ki, torpaqlarımız uzun müddətdir istifadə olunur. Xam torpağımız demək olar ki, yoxdur. Uzun müddət istifadə olunan torpaqlara isə gübrə vermək lazımdır ki, o bizə kifayət qədər məhsul verə bilsin. Onun ürəyi istədiyi qədər məhsul götürmək üçün bitkinin istədiyi qədər gübrə vermək lazımdır. Bunun üçün də torpaqda olan qida elementlərinin miqdarını analiz yolu ilə bilməlidir”.

Bunu bilmək üçün Kənd Təsərrüfatı Nazirliyi respublikanın 11 bölgəsində torpaq analizi sahəsində ən müasir texnika ilə təchiz olunan regional laboratoriyalar hazırlayıb. Abşeron, Quba, Bərdə, Göygöl, Sabirabad, Salyan, Tovuz, Şəki, Şamaxı, Ucar və Lənkəranda fermerlər bundan yararlana biləcək.

Murtuzəli Hacıyev- KTN-nin mətbuat katibi: “Artıq Abşeronda tam fəaliyyətə başlayıb. Torpaq analizinə fermerlər əvvəllər o qədər də maraq göstərmirdilər. Bölgələrdə seminar müşavirələr keçirilir. Fermerlər maarifləndirilir ki, əkməmişdən əvvəl onun torpaq analizi olmalıdır. Bu məqsədlə də artıq bölgələrdə laboratopriyalar tam hazır vəziyyətdədir. Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən 3 ay bundan öncə kadrların yerləşdirilməsi barədə elanlar verilib. Sənəd qəbulu olub. Müsabiqə yolu ilə kadrlar işə daxil olub. Abşeron rayonunda artıq kadrlar yerləşdirlib. Bölgələrdə də bu proses davam etdirlir".

Eyni avadanlığın quraşdırıldığı Azərbaycan Dövlət Aqrar Universitetində də kadr hazırlığı üzrə işlər aparılır. İki ay ərzində laboratoriya ondan istifadə edə biləcək mütəxəssislərlə tam fəaliyyətə başlayacaq.

Vüqar Bəşirov- ADAU-nun dosenti: “Belə bir müasir laboratoriya artıq bu gün var. Dünən yox idi. Tələbələrimiz müasir metodlara yiyələnməkdə çətinlik çəkirdilər. Biz onları öz təcrübələrimizdən, xaricdə olan üsullardan deyirdik, çatdırırıq. Ancaq onlar onu əyani olaraq görə bilmədiklərinə görə çətinlik çəkirdilər. Artıq bu gün bu müasir laboratoriya həm fermerlərə, həm də torpaqşünaslıq aqrokimyası kadrlarının hazırlanması üçün tələbələrin öyrədilməsinə xidmət edəcək".

Ölkədə özəl təşkilatlar da torpaq analizi xidməti göstərir. Ancaq onların təklif etdiyi qiymət 49-100 manat arasında dəyişir. Dövlətin dəstəyi ilə qurulan laboratoriyalarda isə torpaq analizi tələbə əsasən tənzimlənəcək və qiymət xaricə göndərilən analizlərindən dəfələrlə aşağı olacaq.

Jalə Qurbanova