• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1296
— 10.04.2017 11:31

Şəmkirdə daha iki aprel fədaisi yad edilib

KepezTV Player

Şəmkirdə torpaqlarımızın bütövlüyü uğrunda ötən ilin aprelində şəhid olan döyüşçülər anılıb. Düyərli kəndində və Kür qəsəbəsində təşkil olunan mərasimlərdə Azərbaycan əsgərinin qəhrəmanlığından söz açılıb.

Erməni təxribatının qarşısını alarkən şəhid olan əsgər Altun Dəmirlinin il mərasimində onun uşaq yaşlarından güləşlə məşğul olduğu, idmançı olaraq cəbhəyə yollandığı vurğulanıb. Elə igid, cəsur bir əsgər olaraq hərbidə fərqləndiyi, düşmənə layiqli müqavimət göstərdiyi önə çəkilib. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilməsi hərbçinin göstərdiyi şücaətdən xəbər verir. Anım tədbiri şagirdlərin vətənpərvərlik mövzusunda çıxışları ilə davam edib. 

Fərman Dəmirli- şəhidin atası: “Mən bununla qürur duyuram, Altun adını altun hərflərlə tarixə yazdı. Bəli, biz nə qədər mane olmaq istəsək də o bu yoldan geri qayıtmadı. Ancaq o, ata-ananı yox, vətənini seçdi”.

Aprel döyüşləri zamanı cəbhənin Tərtər istiqamətində gedən döyüşlərdə  20 yaşlı Vüsal Alıyev də şəhidlik zirvəsinə ucalıb. Şəmkirin Kür qəsəbəsində təşkil edilən anım mərasimində şəhidin şərəfli döyüş yolu, vətənin bütövlüyü uğrunda göstərdiyi şücaət, vətənə və dövlətə bağlılığından danışılıb. Ehtiyata buraxılmasına bir neçə gün qalmış şəhid olan əsgər ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

İlham Alıyev- şəhidin atası: “Mən həqiqətən ürək açıqlığı ilə deyirəm ki, güclü ordumuz var. Mən bir şəhid atası kimi özüm şahidi olmuşam. Çox güclü ordumuz var. Bu orduya dəyər vermək lazımdır. Uşaqlarımızı vətənpərvər ruhda böyütməliyik. Vətən həmişə vətəndir. Vətəni unutmaq olma”.

Anım tədbiri Kür qəsəbə məktəblilərinin və mədəniyyət işçilərinin  hazırladığı ədəbi- bədii kompazisiya ilə davam edib. İşğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına əminlik ifadə olunub.

Natiq Hüseyn