Taxta, daş, qum, mişar daşı və digər tikinti materialları. Bunların hamısına Gəncənin inşaat malları üçün bazar və mağazalarında rast gəlmək mümkündür. Ancaq baha qiymətə. Hələ bu azmış kimi tikinti materiallarının qiyməti günbəgün yenə də qalxmaqdadır. Ekspertlərin proqnozu isə ürək açan deyil.
Havalar isindikcə Gəncədə insanlar öz gündəlik şəraitlərini yaxşılaşdırmaq üçün təmir- tikinti işlərini aparmaq istəsələr də bu arzularını həyata keçirmək mümkün olmur. Çünki inşaat bazarlarında satılan tikinti materiallarının qiyməti durmadan bahalaşır. Bahalaşma sement, qum, dəmir, mişar daşı, kərpicdə daha çox müşahidə olunur. Belə ki, qiymətləri sadalanan tikinti materiallarında ötən aylara nisbətən təxminən 30 faiz bahalaşma olub.
Heydər Məmmədov- alıcı: “Qumdu, sementdi, taxtadı bunların hamısının qiyməti qalxıb. Tikinti aparmaq istəyirəm, hazırda qiymət belə baha olduğuna görə tikinti aparmaq mümkün deyil”.
Ceyhun Məmmədəliyev- alıcı: “Material almaq olmur, bahalıqdı. Taxtanın, sementin hər şeyin qiyməti qalxıb. Ancaq məcbur olub alırıq”.
Tikinti bazarında ən çox qiymət artımı taxtalarda müşahidə olunur. Satıcıların sözlərinə görə, altı ay bundan əvvəl taxtanın kubu 200-220 manata satılırdısa, hazırda taxtanın bir kubu 280-300 manatdır.
Həsrət Rüstəmov- satıcı: “Bunun hamısı dollarla əlaqədardı, xaricdən gəlir. Yerli istehsal azdır, dəmir məmulatlarıdı. Hazırda dam örtüklərinin materialları, taxtanın qiyməti qalxıb. Mişar daşı 44 qəpik idi, hazırda 52-53 qəpikdi”.
Maksim Rüstəmov- satıcı: “Dolların kursu dəyişdikcə tikinti materiallarında çox sürətlə artım oldu. Bu artımla əlaqədar olaraq demək olar ki, bazarda vəziyyət son həddə çatdı. Alıcılıq zəifdir, satıcılar qiyməti düzgün tənzimləyə bilmir. Ən çox xaricdən alınan materialların qiyməti keçən ilə baxanda iki dəfə qalxıb. 700-800 manata aldığımız materialların tonu indi 1200-1300 manatadır”.
Ekspertlər də tikinti bazarında qiymətlərə təsir edən amillər sırasında dolların manata nisbətən məzənnəsinin oynadığı rolunu əsas götürsələr də ucuzlaşmanın hələ mümkün olmayacağı qənaətindədir.
Məsim Abadov- müstəqil ekspert: “Enmə bir az çətin məsələdir. Nəzərə alsaq ki, yaz hələ indi başlayır, aprel- may aylarında bu daha geniş vüsət alacaq, insanlar müəyyən xərcləri azaldıb tikinti xərclərini artırdıqda bunun qalxma prosesi hələ yaya kimi davam edəcək. Müəyyən qədər stabilləşsə də enmə gözlənilmir”.
Alıcılıq qabiliyyətinin zəif olduğu tikinti bazarında qiymət yalnız dəmir borularında stabil olaraq qalıb.
Elnur Vahidoğlu
- Baxış: 2287