• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1598
— 29.03.2017 12:35

Gəncənin peşə təhsili müəssisələrində yeniliklər tətbiq ediləcək

KepezTV Player

Gəncədə peşə təhsili verən 6 müəssisə bundan sonra 2 istiqamət üzrə kadr hazırlığı həyata keçirəcək. Nazirlər Kabinetinin qərarına əsasən indiyədək mövcud olan peşə liseyləri və məktəblərinin bazasında ixtisaslar sənaye və texnologiyalar və ticarət və xidmət sahələri üzrə olacaq.

Fazil İsmayılov -Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin direktoru: "Peşə sahəsində müxtəlif sahələrimiz var idi. Ancaq bu sahələrə demək olar ki, maraq tamam azalmışdır. Ancaq yeni yaradılan ticarət və xidmət üzrə peşə təhsili mərkəzi ticarət sahəsinin bütün sahələrini, xidmət sahələrini də onun kimi tam əhatə edir. Yeni ixtisaslar yaradılıb, bu da son dövrlərdə yeni yaradılan iş yerlərinin tələbatına uyğun gəlir”.

Peşə təhsilli müəssisələrinin təmayülləşməsində də məqsəd məhz dövrün tələbinə uyğun kadr hazırlığını həyata keçirməkdir. Bu məqsədlə Gəncədəki 3 № Peşə Liseyi, 1 və 2 saylı peşə məktəblərinin bazasında yaradılan Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi iqtisadiyyatın bu sahəsi tələbatın ödənilməsinə hədəflənib. Yenilik şagirdlər, müəllimlər, valideynlər, eləcə də işəgötürənlərin marağına səbəb olduğundan 12 ixtisas üzrə 519 şagirdin təhsil aldığı təhsil ocağına maraq artıb.

Süleyman Novruzov –şagird: "Kompyuter peşəsinin və kommunikasiya sahəsində ixtisasımı seçməkdə məqsədim odur ki, gələcəyimi bu yöndə qurum. Hazırda məktəbimizdə texnika ilə bağlı bütün avadanlıqlar var, müəllimlərimiz də bundan istifadə edərək bizi öyrədirlər”.

Çinarə Məmmədova -şagird: "Hələ ki, birinci kursda oxuyuram. Uşaqlıqdan arzum bu idi, tikməyə marağım çoxdur. Ona görə, bu peşəni davam etdirmək niyyətindəyəm. Üst geyimi tikmişəm, bacım üçün paltar tikmişəm, maraqlı sahədir. Hazırda tikiş tikməyin sirlərini öyrənirəm".

Aysu Məmmədzadə -şagird: "Məktəbə “ASAN Xidmət” vasitəsilə daxil olduq. Bərbərlik fənnini seçdim, bu sahəyə marağım çox böyükdür. Ustamdan daha çox şey öyrənib gələcəkdə bu sahədə biznes qurmağı düşünürəm".

Peşə Mərkəzlərində maddi-texniki bazanın möhkəmləndirilməsi də peşə seçiminə artan marağa təsirsiz ötüşməyib. 20 ixtisas üzrə 796 şagirdin təhsil aldığı Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzində də belədir. 1 və 2 saylı peşə liseyləri və 3 № li Peşə Məktəbinin bazasında yaradılan müəssisə də tədrisi elmi və praktiki cəhətdən aşılamaq üçün 15 emalatxana və 5 laboratoriya yenidən qurulub. Üstəlik mərkəzi fərqlənmə ilə bitirən bacarıqlı kadrların işlə təminatında da problem olmayacaq.

Şahin Məhərrəmov -Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin direktoru: "Əvvəllər hazırlanan kadrlar buranı bitirdikdən sonra bir qismi hərbi xidmətə gedirdi, digər qismi isə az sayda işlə təmin olunur, əksər hallarda isə kadrlarımız işsiz qalırdı. Mərkəz yaradıldıqdan etibarən müəyyənləşdiriləcək ki, istər özəl, istərsə də dövlət müəssisələrində onların peşə tələbatlarının ehtiyacları, əmək bazarına uyğun şəkildə kadrların hazırlığını aparaq".

Ölkədə peşə məktəblərinin birləşdirilərək ixtisaslaşdırılması orta təhsili natamam bitirən şagirdlərin peşəyə cəlb edilməsinə hesablanıb. Nəticədə burada müəyyən peşəyə yiyələnənlər mövcud əmək bazarı üçün potensial işçi qüvvəsi olur və dövlətin iqtisadi islahatlarının təməlində dayanan ixtisaslı kadrların işlə təmin olunmasına xidmət edir.

Tacəddin Bayramov -təhsil üzrə ekspert: "Hazırda “ASAN Xidmət”lə peşə təhsili verən müəssisələr arasında müqavilələr imzalanıb. Bu müqaviləyə əsasən tələbələrin seçilməsidə “ASAN Xidmət” tərəfindən həyata keçirilir. Mövcud qərar həmçinin peşə təhsili kitablarının yenilənməsinin, müasir standartlara cavab verən dərs metodologiyasını nəzərdə tutur. Müəyyən peşə sahibi olduqdan sonra öz ölkəsinə bəhrə vermək, müəyyən istiqamətlərdə işləmək və iqtisadi olaraq da özünü təmin eləmək kimi meyarlar təbii ki, peşə təhsilindən keçir".

Hazırda Azərbaycanda 115 peşə təhsili verən müəssisə var. 6 min pedaqoq 24 min şagirdə müxtəlif sahələr üzrə peşə ixtisaslarını aşılayır.
 

Xaliq Qurbanov