Əlində olan silah-sursatı satmaq istədi, ancaq polis planını pozdu. Kefinə soğan doğranan satıcı acı etiraflar da etdi.
Paytaxtda Nizami Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə Yardımlı rayon sakini Cəlal Vəliyevin odlu silah-sursat satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Vəliyev metronun Qara Qarayev stansiyasının yaxınlığında 1 ədəd nömrəsi silinmiş tapança, 1 ədəd “Kalaşnikov” markalı avtomat silah və 13 ədəd avtomat patronunu 2500 manata satmaq istəyən zaman saxlanılıb. Polis İdarəsinə gətirilən Cəlal Vəliyev odlu silah-sursatın ona aid olduğunu, onları bir neçə ildir ki, Yardımlı rayonunda yaşadığı evin həyətyanı sahəsində gizlətdiyini, hətta avtomatdan dəfələrlə istifadə etdiyini də etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 592