Azərbaycanda icbari sığorta bazarı təkminləşdirilir və xidmətlərin sahələri genişləndirilir. Ötən ildə icbari sığorta növləri üzrə yığım və ödənişlərlə bağlı nəticələrin yüksək olması sürücülərin sığorta bazarına inamının artması kimi dəyərləndirilir. Ancaq bu sahədə axsamalar da müşahidə olunur. Əsasən də ödəniləcək məbləğlə bağlı.
Elmir Rəcəbov- zərərçəkmiş: “Axşam saatlarında qəza baş verərsə hadisə yerinə baxış üçün sığorta gəlmir. 1 il ərzində 2 qəzam olub, sığorta gəlməyib. Ödənişə gəldikdə isə sığortanın filialı yazır təsdiq olunması üçün Bakıya göndərir, məbləğ az ödənilir, cibimizdən xərcləyib maşınımızı düzəltdiririk”.
Elmir Rəcəbov kimi sığorta şirkətlərinin bu kimi fəaliyyətindən narazı olan yəqin ki, kifayət qədər sürücü var. Səbəb isə qəza baş verən zaman sığorta şirkət nümayəndələrinin hadisə yerinə gec gəlməsi və ya tamamilə gəlməməsi, dəymiş zərərin düzgün hesablanmaması, ödənişin qanunda nəzərdə tutulduğu vaxtda deyil, gecikdirilməsi kimi hallar daxildir. Bəs görəsən sığortaçı ilə sığorta olunan tərəflər arasındakı münasibətlər necə tənzimlənməlidir? Sığorta üzrə ekspert Rahil Tağıyevin sözlərinə görə, tərəflər arasında münasibət icbari sığorta haqqında qanunun müvafiq tələblərinə, eləcə də bağlanan müqaviləyə uyğun formada həyata keçirilməlidir. Qəza hadisəsi zamanı tərəflərə dəymiş ziyanın hesablanmasına gəlincə,
Rahil Tağıyev- sığorta üzrə ekspert: “Məbləğ icbari sığorta haqqında qanunda nəzərdə tutulduğu kimi ümumi sığorta məbləği 55 min manatdır. Bir hadisə üzrə isə maksimal 5 min manatdır. Sığorta şirkətlərində hadisələr departmaneti və ya təmir şöbəsi olur. Hadisə o ekspertlərin rəyi əsasında qiymətləndirilir, hesablanır və proses həyata keçirilir. Əgər vətəndaş qiymətlə bağlı narazı olarsa zərərçəkmiş müstəqil ekspert kimi hüquqi şirkətlərin xidmətlərindən yararlana bilər”.
İcbari sığorta haqqında qanunun tələblərinə uyğun olaraq qəza zamanı hər iki tərəfə dəymiş zərər barədə sığorta şirkətinə sənədlər tam toplanılaraq təqdim olunduqdan sonra 7 iş günü ərzində maddi vəsaitin verilməsi təmin olunmalıdır.
Əgər baş verən qəza zamanı xəsarət halı qeydə alınırsa bu zaman sürücüyə və ya sərnişinlərə dəymiş zərər də sığorta şirkəti tərəfindən aradan qaldırılır. Belə ki, vətəndaşa hadisə zamanı yüngül xəsarət üçün 700, az ağır xəsarət üçün 1500, ağır xəsarət alan zaman isə 3000 manat ödəniş edilməlidir.
Xaliq Qurbanlı
- Baxış: 548