Bədəndə uzun müddət qızdırma və öskürək ilkin olaraq vərəm xəstəliyinin əlamətlərindəndir. İlkin aşkarlanan bu xəstələrin vaxtında müalicəsi uğurlu olur və daha tez sağalır. Bu isə vərəm xəstələrinin sayının azalmasına səbəb olan əsas amillərdəndir. Həkimlər ötən il Gəncədə vərəmə yoluxanların sayının 5 faiz azalmasını müsbət dinamika hesab edir.
Gəncə şəhər Vərəm Əleyhinə Xəstəxanasında ötən il 70 nəfər stasionar şəkildə müalicə olunurdusa hazırda burada 65 nəfər müalicəsini davam etdirir. Vərəmli xəstələrin sırasında üstünlük kişilərdədir. Yolxucu xəstəlik olan vərəm əsasən havasızlıqdan, düzgün qidalanmamaqdan, pis vərdişlərdən yaranır və öskürdükdə, asqırdıqda, söhbət etdikdə yoluxma riski artır.
Eldar Zeynalov- Gəncə şəhər Vərəm Əleyhinə Xəstəxananın şöbə müdiri: “Birinci sıra vərəm əleyhinə preparatlar ilkin müraciət olunmuş bütün xəstələrə verilir. Onların rentgen müayinələri, qan analizləri, bəlğəmli müayinələri pulsuz şəkildə göstərilir. Onlar daim nəzarətdə saxlanılır. Əkilmə nəticəsində hər hansı bir şübhə verirsə müalicə dəyişdirilir. Ona dövlət proqramı çərçivəsində daha bahalı dərmanlar pulsuz verilir”.
70 çarpayılıq olan xəstəxanada müalicə alanlardan biri də Nürəddin Həsənovdur.
Nürəddin Həsənov- xəstə: “Üç aydır burada müalicə olunuram. İynə, dərmanın da hamısını verirlər. Hamısı da təşkil olunur”.
Gəncə ilə yanaşı, 9 rayonu əhatə edən xəstəxanada Regional İstinad Bakterioloji Laboratoriya da fəaliyyət göstərir. Burada nümunələr vərəmə görə analiz edilir.
Lətafət Nəcəfova- Regional İstinad Bakterioloji Laboratoriyanın şöbə müdiri: “Əvvəllər təkcə mikroskopiya işləyirdi. Mikroskopiya da yüzə-yüz cavab vermirdi. Xəstə gedirdi, dərman qəbul edirdi. Amma bu Cinekpert aparatında tam aşkar olunur”.
Həmçinin vərəmli xəstələrin yerlərdə aşkarlanması üçün səyyar xidmət də həyata keçirilir.
Vərəm Əleyhinə Xəstəxanada səyyar flüoqrafiya maşını da fəaliyət göstərir. Maşınla təyin olunmuş qrafiklə Gəncənin təhsil müəssisələrində, uşaq bağçalarında, eləcə də əhalinin sıx məskunlaşdığı yerlərdə vərəm xəstəliyinin yoxlanması üçün rentgen müayinələr də keçirilir.
Elnur Vahidoğlu
- Baxış: 685