• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1985
— 27.03.2017 13:07

Polis avtomobilinə hücum çəkən Şəmkir sakini saxlanılıb

KepezTV Player

Toy məclisində kifayət qədər spirtli içki qəbul edən şəxs indi qaldırdığı badələrə peşman olub. Şəmkir sakini ağır dərəcəli sərxoş halda polisin xidməti avtomobilini yararsız hala salıb. Hadisədən sonra məsuliyyətdən yayınmağa cəhd göstərən "qəhrəmanı" Göygöl polisi Abşeron rayonunda saxlayıb.

Bu il yanvarın 17-də Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində keçirilən toy məclislərindən biri Şəmkir sakini 49 yaşlı Talıb Bayramov üçün düşərli olmayıb. Məclisin başa çatmasına bir neçə saat qalmış bacısı Məhsəti İbrahimovanın avtomobillə vurulması xəbəri Bayramovun ağlını başından çıxarıb. Ağır dərəcəli sərxoş halda məclisi tərk edən kişi bacısını vuran maşına deyil, Göygöl Rayon Polis Şöbəsinin "FİAT DOBLO" markalı xidməti avtomobilinə hücum çəkib.

Talıb Bayramov -saxlanılan şəxs: “İçkili idim. Gördüm bacımı maşın vurdu. Elə bildim polis maşını vurub. Çıxdım polis maşınının üstünə əzdim. Çox içmişdim, bildim. Mən elə bildim bu adi bir işdir”.

Törətdiyi əməli adi iş kimi qəbul edən Talıb Bayramov sonradan cinayət tərkibini anlayanda məsuliyyətdən yayınmağa cəhd göstərib. Bir müddət yaşadığı Şəmkirin Qılıncbəyli kəndindən ayrı düşən kişi müxtəlif ünvanlarda qalıb. Sonuncu dayanacağı isə Abşeron rayonu olub. Əməliyyat məlumatı əsasında axtarışlara başlayan Göygöl polisi Talıb Bayramovu Masazır qəsəbəsində saxlamağa müvəffəq olub.

Həmid Həsənov- müstəntiq: “Bayramov Talıb Cəlil oğlu istintaqdan gizləndiyi üçün onun barəsində axtarış elan olunub. Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində həmin şəxs Abşeron rayonu Yeni Masazır qəsəbəsi ərazisində saxlanaraq şöbəyə gətirilib. Cinayət işinin istintaqı davam etdirilir”.

Göz yaşlarına hakim ola bilməyən Talıb Bayramovu indi ağlamaq da dəmir barmaqlıqlardan xilas edə bilməyəcək. Onun barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə iş başlanılıb. İstintaq aparılır. 

Natiq Hüseyn