• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1598
— 18.03.2017 12:06

“Gəncə MDB-nin Mədəniyyət Paytaxtı 2017”nin rəsmi açılışı olub

KepezTV Player

Gəncədəki Heydər Əliyev Mərkəzində “Gəncə MDB-nin Mədəniyyət Paytaxtı 2017” layihəsinin rəsmi açılış mərasimi keçirilib. Açılışdan sonra tədbir iştirakçıları və qonaqlar ümumxalq Novruz şənliklərində iştirak ediblər.

Rəsmi açılış tədbiri Gəncə barədə tanıtım çarxının nümayişi ilə başlayıb. Ardınca reallaşan çıxışlarda Gəncədə MDB-nin Mədəniyyət Paytaxtı olacağı 2017-ci il ərzində icra ediləcək layihələr, baş tutacaq tədbirlərdən söz açılıb. Müasirliklər tarixiliyin qovuşduğu Nizami yurdunun bu titulu uğurla daşıyaraq dostluq və əməkdaşlığın mərkəz şəhərinə çevriləcəyinə əminlik ifadə edilib. Rəsmi mərasim MDB-nin mədəni mərkəzi olan Gəncəyə müvafiq sertifikatın təqdim olunması ilə davam edib. Eləcə də bu il ərzində beynəlxalq arenalarda öz gücünü göstərən idmançılar mükafatlandırıldı. 

Mixail Şvıdkoy- MDB-nin üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu İdarə heyətinin həmsədri, Rusiya Federasiyası Prezidentinin Beynəlxalq Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi: “4 min illik tarixi olan Gəncə həm müasir, gələcəyə istiqamətlənmiş, həm də qədim adət- ənənələri özündə əks etdirən şəhərdir. Dünya miqyaslı şair və rəssamların yaradıcılıq izləri, Nizami, Məhsəti kimi dahilər Gəncəni dünya əhəmiyyətli mədəniyyət şəhəri edib. Açılış mərasiminin milli bayramınız olan Novruz şənliyinə təsadüf etməsinə çox sevinirik”.

“Novruz 2017” şənliyi milli adət-ənənələri özündə əks etdirən səhnəciklərlə başladı. İlk əvvəl qonaqlara şərbət paylanmasıyla tədbirə start verildi.
 

Kerolan Conson- kanadalı turist: “Yoldaşımla birlikdə gəlmişik, çox maraqlı şənlikdir. Təbrik edirəm hamınızı”. 

Əlbəttə ki, Novruzun atributu olan tonqalsız olmaz, şənlikdə hündürlüyü 7-10 metrə çatan tonqal qalandı. 


Məmmədəli Balayev- xalq artisti: “Novruz xalqımızın ən qədim bayramıdır. Mən də Dədə Qorqud olaraq bütün xalqımızı ürəkdən təbrik edirəm”. 

Nurvin Məmmədov- şəhər sakini: “Novruz bayramında ən xoşladığım adət- ənənələrdən biri yumurta döyüşdürməkdir”. 

Klears Conson- kanadalı turist: “İnsanlarınız xoşuma gəldi, şənliyin özü yaxşı təşkil edilib. Novruzla bağlı çox məlumat əldə etdim”. 


Tədbirdə MDB-nin üzvü olan ölkələrin milli geyimlərində olan bir qrup şagird diqqəti cəlb edirdi. 

Nelli Petkova- MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu İdarə heyətinin üzvü: “İzləyib görürəm ki, şəhəriniz əsas meyarlara cavab verir. Gənclər arasında təhsil mükəmməldir, çünki, özüm dünən şahidi oldum ki, tətili fürsət bilib bir qrup şagirdləri ölkə daxili səyahətlərə apardılar”. 

Torpaqlarımızın bütövlüyü uğrunda şücaət göstərən əsgərlərimizin tarixini əks etdirən cəngavərlər isə şənliyin ayrılmaz hissəsi idi.

Georgiy Kuznetsov- Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi: “Bilirsiz, əsas insanlar, onların qəlbidir. Onlarda ruh yüksəkliyi olanda şəhərin timsalında büruzə verir. Lazımi inkişafın öhdəsindən gələn şəhəriniz qonaqların könlünü almağı, onları məmnun etməyi də yaxşı bacarır. Məncə əhaliniz ölkənizin fəxr edəcəyi əsas var-dövlətdir”. 

Məhsətinin “Urfan” məclisi adlı ədəbi- bədii kompozisiya təşkil olundu. Məclisdə Azərbaycanın tarixi şəxsiyyətləri, şairləri bir araya gəldi. Məclis üçün meydana gətirilən dəvə isə sakinlərin marağına səbəb oldu. 

Ümumxalq şənliyində iştirak edən rəsmi qonaqlar dünyanın 5 ən böyük parkından biri olan Heydər Əliyev park kompleksində Gəncənin rəmzi olan çinar ağacları da əkiblər. Bayram tədbiri yerli xarici ifaçıların amfiteatrda təşkil edilən konsert proqramı ilə başa çatıb.

 

Xəyalə Mürsəl