• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 954
— 17.03.2017 13:20

Maşınlardan və evlərdən oğurluq edən üç gənc saxlanıldı

KepezTV Player

Abşeron polisi rayon ərazisində avtomobillərə qənim kəsilən iki nəfəri saxlayıb. Məlum olub ki, əsasən bahalı maşınları hədəf seçən gənclər iki aydan çox müddət ərzində 8 avtomobilə ziyan vurublar. Paytaxtın Binəqədi rayonu ərazisində isə polis mis əldə edib satmaq üçün evlərə girən şəxsi yaxalayıb.

Masazır qəsəbəsinin 8 sakini Abşeron Rayon Polis İdarəsinə müraciət edərək onlara məxsus avtomobillərin şüşələri sındırılaraq içərisindən oğurluq edildiyini bildirib. Keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində rayon sakini 22 yaşlı Cəlil Quliyev və onun həmyaşıdı olan xalası oğlu, Bakı sakini Vüsal Hüseynov saxlanılıb. Şəxslər istintaqa ifadələrində bildiriblər ki, əməllərini əsasən sutkanın qaranlıq vaxtlarında törədiblər.

Saxlanılan Vüsal Hüseynovun sözlərinə görə, əsas məqsədləri də avtomobillərdən pul oğurlamaq olub. Elə buna görə də, bahalı maşınları hədəf seçiblər.

Xala oğullarının əməlindən ziyan görənlər arasında futbol üzrə Azərbaycan milli komandası və “Neftçi” klubunun üzvü Rəhman Hacıyev də var.

Binəqədi polisi isə həyət evlərindən silsilə oğurluqlar edən şəxsi saxlayıb. Əməliyyat Xocahəsən qəsəbəsində yaşayan bir neçə sakinin müraciətinə əsasən keçirilib. Həyət evlərindən elektrik kabelləri və məişət əşyalarının oğurlanması faktları ilə bağlı əvvəllər məhkum olunmuş paytaxt sakini 24 yaşlı Oqtay Yaqubov saxlanılıb. İlkin araşdırma zamanı saxlanılan şəxsin 8 evdən oğurluq etdiyi təsdiqini tapıb.

Faktlarla əlaqədar başlanan cinayət işlərinin istintaqı davam edir.

Zülfiyyə Telmanqızı