Tur-aksiya iştiakçıları olan şagirdlərin 3 gün ərzində şimal-qərb bölgəsini daha yaxından tanımaq imkanı qazanacaq.
Şəmkirli məktəblilər martın 16-da Qəbələ, Şəki, Zaqatala rayonlarına yola düşüblər. Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan mərasimdə ölkə tarixinin dərindən öyrənilməsi və bölgələrdə gedən yenidənqurma işləri ilə daha yaxından tanış olmaq üçün layihənin əhəmiyyətinə toxunulub. 40 məktəbli 5 nəzarətçinin müşayiəti ilə bölgənin tarixi, mədəni abidələri haqqında məlumat əldə edəcəklər.
Samir Allahverdiyev- aksiya iştirakçısı: “Mən Şəki, Zaqatala və Qəbələ rayonlarında ancaq televiziyalardan məlumat almışam. Bu gün isə həmin rayonları öz gözlərimlə görəcəm. Açığı çox həyəcanlıyam. Düşünürəm ki, orada özümə yeni dostlar tapacam”.
Zülfiyyə Baloğlanova- aksiya iştirakçısı: “Gedib öz Şəmkir rayonumu layiqincə təmsil edib, özümə yeni dostlar tapacam”.
Göygöldən olan şagirdlər də şimal-qərb regionunu yaxından tanıyacaq. Qəbələ, Şəki və Zaqatalaya yola düşməzdən əvvəl şagirdlərə yola salanlar onlara mənalı istirahət, ekskursiyadan səmərəli şəkildə faydalanmağı arzulayıblar. Tur-aksiya çərçivəsində bölgə barədə hərtərəfli məlumat əldə etmələri tövsiyə olunub.
Fidan İsgəndərova- aksiya iştirakçısı: “Bu layihəyə seçildiyimiz üçün çox sevinirəm. Bölgələrin tarixi yerlərini və muzeylərini gəzməyə gedirik. Geri döndükdə isə onları öz sinif yoldaşlarıma çatdıracağıq”.
Ruslan Eyvazov- aksiya iştirakçısı: “Mən Şəki, Zaqatala bölgəsinin tarixini bilirəm. İndi bütün bunları canlı şəkildə müşahidə edəcəm. Mən sevinirəm ki, bu layihənin iştirakçısıyam”.
Samuxun 9-11-ci sinif şagirdləri də Qəbələ, Şəki və Zaqatala rayonlarına yola salınıb. Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edildikdən sonra aksiya iştirakçılarına səmərəli ekskursiya arzulanıb. Rayon üzrə təhsildə fərqlənən 40 məktəbli layihədə iştirak edir.
Şahnaz Nağıyeva- aksiya iştirakçısı: “Samux rayonundan “Ölkəmizi tanıyaq” tur aksiyasına qatılıram. Çox sevincliyəm. İnanıram ki, əldə etdiyimiz məlumatlar tariximizi daha yaxından öyrənməyə şərait yaradacaq”.
Ülvi Behbudov- aksiya iştirakçısı: “Məndə tur aksiyasının iştirakçılarından biriyəm və bu Şəki-Zaqatala bölgəsinə səfərə yollanırıq. Ümidvarıq ki, ekskurisiyamız uğurlu olacaq”.
Məktəblilərin Novruz bayramı ilə əlaqədar şimal-qərb regionuna səfəri martın 19-da yekunlaşacaq.
Natiq Hüseyn
- Baxış: 1037