Sən saydığını say, gör fələk nə sayır. Paytaxtda oğurluq etmək istəyən şəxsin planını da fələk yarımçıq qoyub. Ancaq "qəhrəman" ona əngəl olan gənci bıçaqlayıb. Daha bir qanlı olay kütləvi dava zamanı yaşanıb. Bu dəfə də iki nəfər xəstəxanalıq olub.
Bakının Bilgəh kəndində bıçaqlanma hadisəsi baş verib. Pirşağı qəsəbə sakini 28 yaşlı Şəhriyar Həmidzadə bıçaq xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. İlkin müayinələr zamanı həkimlər yaralıda döş qəfəsinə keçən 3 bıçaq xəsarətinin olduğunu aşkar ediblər. Əməliyyat olunan gəncin vəziyyəti ağır kimi qiymətləndirilir. Araşdırmalar zamanı bəlli olub ki, naməlum şəxs “Bilgəh” Kordioloji Sanatoriyasının ərazisinə oğurluq məqsədi ilə daxil olmaq istəyərkən, Şəhriyar Həmidzadə onu görüb və zərərsizləşdirmək istəyib. Ancaq oğurluğa gələn şəxs ələ keçəcəyindən ehtiyat edib və üzərində olan bıçaqla Şəhriyar Həmidzadəyə çoxsaylı zərbələr endirərək hadisə yerindən qaçıb. Faktla əlaqədar Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb. Hazırda həmin şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Binəqədi rayonu, Azadlıq prospektində kütləvi dava bıçaqlanma ilə nəticələnib. Belə ki, 38 yaşlı Namiq Novruzov və 34 yaşlı Anar Məlikdadaşovun tanışları ilə mübahisəsi düşüb. İki gün davam edən mübahisəni sonlandırmaq üçün qarşı tərəf hər iki şəxslə yenidən görüşüb. Bu zaman Namiq və Anarın yanında iki tanışı da olub. Söhbət zamanı digər tərəfdən gələn 5 nəfərdən biri bıçaqla Novruzov və Məlikdadaşova bıçaq zərbələri endirib. Daha sonra isə hadisə yerini tərk ediblər. Yaralılar dostlarının çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar. Əməliyyat olunan yaralıların həyati təhlükəsi aradan qaldırılıb. Binəqədi rayonu Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxslər saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 1281