Qərb bölgəsində zona mərhələsinin qalibi adı uğrunda məktəblilər Şəmkirdə də yarışıb. Respublika fənn olimpiadalarının yarımfinal turuna Şəmkir, Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Xocalı rayonlarından ümumillikdə 449 nəfər qatılıb. Riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə verilən sualları IX, X və XI sinif şagirdləri test üsulu ilə cavablandırıb. Seçilən hər fənn üzrə 25 sual, dəqiq fənlər üçün 180, humanitar fənlər üçün isə 90 dəqiqə vaxt ayrılıb. Yarımfinalda hər fəndən maksimum 60 şagird apreldə keçiriləcək Respublika turuna vəsiqə qazanacaq. İstedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarının nümayişə yardım etmək üçün keçirilən olimpiadanın gedişini valideynlər də izləyə bilib.
Tural Hətəmxanov- Təhsil Nazirliyinin nümayəndəsi: “Bu gün Şəmkir rayonunda təşkil olunan respublika fənn olimpiyadasının yarımfinal turunda demək olar ki, heç bir problem yaşanmadı. Uşaqlar imtahanlara cəlb olundular. İmtahanlar vaxtında başladı. Məncə imtahanlar uğurla həyata keçirildi”.
Nicat Hüseynov- olimpiyada iştirakçısı: “Tovuz rayonundan gəlmişəm. Nəsrəddin Tusi adına məktəb-liseyin 9-cu sinif şagirdiyəm. Olimpiyadanın yarımfinal turunda iştirak etdim. Suallar bir qədər çətin olsa da bildiyim sualları yazdım. İmtahan çox şəffaf və təbii keçdi”.
Nərmin Məcidli- olimpiyada iştirakçısı: “Şəmkir rayonunun Sabirkəndindən gəlmişəm. Azərbaycan dili və ədəbiyyat fənni üzrə olimpiyadada iştirak etdim. Sualların bildiyimi yazdım”.
Natiq Hüseyn
- Baxış: 923